İçki həvəskarları mağazaya silahlı basqın edib
Leninqrad vilayətinin Vsevolojsk rayonunda içki həvəskarları mağaza əməkdaşlarına hücum ediblər.
Yerli KİV-lər xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Hüquq-mühafizə orqanlarına “Pyateroçka” mağazasının atəşə tutulması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Məlum olub ki, axşam saat səkkiz radələrində mağazaya təşrif buyuran bir nəfər qadın və kişi araq şüşələrini oğurlayıblar. Bunu görən mağaza əməkdaşları oğurluğun qarşısını almağa cəhd ediblər.
Bu zaman supermarketə alıcı qismində daxil olan şəxslərdən biri pnevmatik tapança çıxarıb və satıcılara tərəf atəş açıb. Mağaza əməkdaşları onları təqib etməsinlər deyə tapançadan ardıcıl atəş açmağa başlayıblar.
Nəhayət, yerli “Bonni və Klayd" hadisə yerindən qaçmağa müvəffəq olublar. Oğurluq hadisəsindən bir neçə saat sonra polis əməkdaşları hər iki şəxsi saxlaya bilib. Məlum olub ki, onlardan biri 53 yaşlı Azərbaycan vətəndaşı, digəri isə 57 yaşlı tanışı olub.
Hal-hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.