Gələn həftədən koronavirusdan sağalmış şəxsləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəklər. Onlardan alınan plazmalarından istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə başlanılması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, sağalan insanların plazmasında anti-cisimlər var. COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürüləcək.
Bayramlı deyib ki, Azərbaycanda koronavirus xəstəliyi üçün tətbiq olunan müalicə protokolları beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, həm Türkiyənin, həm də Ümumdünya Səhiyyə Təşkilatının təcrübəsindən istifadə edilir. Xəstələr inkubasiya və müalicə müddətini başa vurduqdan sonra evə buraxılır.
Bayramlı vətəndaşlar tərəfindən atılan tibbi maska və əlcəklərlə bağlı layihə həyata keçirilməsinə başlanıldığını da qeyd edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə bağlı tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir: “Hazırda atılan tibbi maskalar tibbi tullantılar deyil, sadəcə, tullantıdır. Tibbi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır”.