Azərbaycanın Hərbi Doktrinası dəyişdiriləcək? - ŞƏRH
Azərbaycanın Hərbi Doktrinası ölkənin milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsidir.
Bu Doktrina ölkənin təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir.
Hərbi Doktrina 2010-cu ildə təsdiqlənib, həmin vaxt Qarabağ münaqişəsi mövcud idi. Bu gün isə ərazilərimiz işğaldan azad edilib və regionda yeni reallıqlar yaranıb.
2010-cu ildəkindən fərqli təhlükəsizlik mühitinin yaranması Hərbi Doktrinanın dəyişdirilməsi zərurətini yaradırmı?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib ki, Hərbi Doktrina təhlükəsizliyə bir sıra təhdidlərin qarşısının alınması üçün Silahlı Qüvvələrin vəzifələrini müəyyən edir.
“Buna görə də müəyyən konsepsiya kimi ortaya qoyulur. Düşünürəm ki, 2010-cu ildə təsdiqlənmiş Doktrinada hərbi təhlükəsizliyə təhdidlər əhatəli formada göstərilib”, - deyə deputat bildirib.
Millət vəkili söyləyib ki, Hərbi Doktrinaya dəyişikliklər üçün şərtlər mövcud olmalıdır. Onun fikrincə, Azərbaycan Ermənistanla sərhədlərini delimitasiya və demarkasiya etdikdən, iki ölkə arasında sülh müqaviləsi imzalanandan sonra Hərbi Doktrinanın yenilənməsi zərurəti yaranar.
“Doktrinanın dəyişdirilməsi üçün digər zərurət də budur ki, ölkənin daxilində olan separatçı qüvvələr tam şəkildə neytrallaşsın. Bu prinsipə uyğun olaraq minalardan təmizlənməsi, böyük qayıdışın həyata keçirilməsi Doktrinanın dəyişməsi üçün zəmin olar. Ancaq mən düşünürəm ki, hazırki Doktrinada təhlükəsizliyə təhdid yarada bilən məsələlər ətraflı şəkildə öz əksini tapıb”, - deyə Arzu Nağıyev əlavə edib.
Parlamentari qeyd edib ki, postmünaqişə dövründə də Azərbaycan üçün risklər mövcuddur.
Bəzi ekspertlər düşünür ki, belə olan halda xarici ölkələrin hərbi bazasının ölkədə yerləşdirilməsi vacibdir.
Hərbi Doktrinanın 29-cu maddəsinə əsasən, Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir.
Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.
Deputat Arzu Nağıyev hesab edir ki, bu, Azərbaycanın müstəsna hüququdur:
“Təbii ki, burada Azərbaycanın beynəlxalq müqavilələrdə nəzərdə tutulan məsələlər istisna təşkil edir. Elə müqavilələr var ki, biz bu prosesdən kənarda qala bilmərik”.
Deputat qeyd edib ki, hazırki şəraitdə Azərbaycanın Hərbi Doktrinasının dəyişdirilməsinə hər hansı ehtiyac duyulmur.