Türkiyənin Kayseri şəhərindəki “Yoğun Burc” Kültür- sənət mərkəzində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı “Erməni- türk ilişkilərinin mövcud durumu” adlı konfrans keçirib.
Moderator.az xəbər verir ki, konfransda, həmçinin professorun hazırladığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstək verdiyi “Erməni faşizmi” kitabının da təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan tarixçi alim Sərdar Kozan ermənişünas alim Qafar Çaxmaqlının son illərdəki fəaliyyətini izlədiyini və onun yazdığı əsərlərin Türkiyədə nə dərəcədə önəmli olduğundan danışıb.
Anadolu Sosyal Siyasi və Kültürel Araşdırmalar Mərkəzinin başkanı Erhan Özhan qeyd edib ki, müəllifin təqdim olunan kitabı da bugünkü erməni cəmiyyətinin iç üzünü açmaq və onların başqa xalqlara yanaşmada nasist mövqeyinin köklərinin nələrdən ibarət olduğunu ortaya qoymaq baxımından əhəmiyyətlidir.

Araşdırmaçı yazar Emrah Bekçi bildirib ki, müəllif erməni faşizminin köklərini araşdıraraq onun bugünkü Ermənistanda əsas ideologiyaya çevrilməsindən bəhs edir və bunun ölkədə ayrı-ayrı fərdlərə, bütün cəmiyyət mənsublarına təlqin edildiyini bildirir. Gerçəkdən erməni toplumu belə faşist görüşlərin əsirinə çevrilib. Bir zamanlar Mussolinin yaratdığı faşist təlimdən və onun kitablarından təsirlənən və faşizmi bir dünyagörüşü olaraq mənimsəyən erməni ideoloq Garegin Njde elə ötən əsrin 30-cu illərində irqçi təlim olan “Tsexakronizmi” hazırlamışdı. Bu tamamilə alman faşistlərinin “Yeni nizam” anlayışına uyğun idi. Bu anlayışın ortaya çıxdığı illərdə ermənilər də faşizmi mənimsəməyə başlayıblar. Avropada özlərinə nicat axtaran bir çox müharibə suçluları, Daşnak Partiyasının tör-toküntüləri almanlardan bu ideyanı mənimsəyib. Njdenin yaratdığı və bu gün də erməni cəmiyyətinin lokomotivi rolunu oynayan Tsexakronizm Ermənistan dövlətinin rəsmi ideologiyasıdır. Ermənilərin 2-ci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlığı genş şəkildə araşdırılıb. “Berlində Erməni İnqilabi Federasiyası- Daşnaksütyunun rəhbərlərinin bəziləri Abeğyanın sədrliyi ilə "Erməni Milli Şurası" yaradarkən də onu müsbət bir ideologiya kimi qiymətləndirilib. Şura üzvləri Artaşes Gyulxandanyan (sədr müavini), Harutyun Baqdasaryan (katib), Qaregin Njde, Drastamat Kanayan (Dro), Vahan Papazyan (Koms) və başqaları idilər. Şura Nasist Almaniyasının SSRİ-nin işğal olunmuş Şərq rayonları Nazirliyinin himayəsi altında fəaliyyət göstərirdi, əsas məqsədi Qafqazda alman hakimiyyətini təmin etmək idi. Bunu gerçəkləşdirmək üçün alman ordusu içərisində erməni legionunun təşkil edilməsi şərt olaraq ortaya qoyulmuşdu. Njde və Dro da bu legiona erməni əsirlərinin daxil edilməsini düşünüblər. Bu iki keçmiş erməni komandan hərbi əsir düşərgələrini gəzir, erməni əsgər və zabitlərini xilas edib bu legiona daxil edirdilər.

Ümumən 8-9 min əsgər topmamağa nail olmuşdular ki, 10 minlik bir erməni legionu qursunlar. Maraqlı idi ki, Reyxin üst təbəqəsində olan, Hitlerin sağ əli Herman Gerinq özünün “Yaşıl qovluq”unda faşist generallara bu işi reallaşdırmaq təlimatı vermişdi.
Tarixin ironiyasıdır ki, 2016-cı il mayın 28-də Yerevanda 1944-cü ildə həbs edilərək 25 il azadlıqdan mərhum edilən və həbsxanada ölən bu faşistin -Qaregin Njdenin heykəlinin rəsmi açılış mərasimi keçirilib. Njde Böyük Vətən müharibəsi illərində SSR ilə fəal əməkdaşlıq edib. 1942-ci ildə o, Vermaxtın tərkibində Qızıl Ordunun əsir düşmüş erməni əsgərlərindən ibarət hissələr yaradıb. 1942-ci il dekabrın 15-də almanlar tərəfindən təsis edilmiş Erməni Milli Şurasının yeddi üzvündən biri Qaregin Njde olub. Njdenin rəhbərliyi altında Almaniyada yaradılmış hərbiləşdirilmiş erməni dəstələri Krımın işğalı və Qafqaza hücum əməliyyatlarında fəal iştirak ediblər. Bədnam “erməni legionu”nun yaradılmasında ona general Dro adı ilə məşhur olan Drastamat Kanayan kömək edib.

Erməni faşizminin iç üzünün açılmasında və erməni- faşist əməkdaşlığının bir çox tərəflərinin açılıb ortaya qoyulmasında bu kitab əhəmiyyətli bir vəsaitdir. Kitab hazırlanarkən erməni müəlliflərin yazdıqlarına daha çox istinad edilib.
Konfransın sonunda professor Qafar Çaxmaqlı “Erməni faşizmi “ kitabını imzalayaraq iştirakçılara təqdim edib.