Balıqçılıq təsərrüfatları qanuniləşdiriləcək
Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir. Yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək.
Xeberinmerkezi.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır.
H.Əlizadə qeyd edib ki, bu, təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzunmüddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq.
Nazirlik rəsmisi əlavə edib ki, bu gün Azərbaycanda evlərdə süfrələrdə, demək olar, balıq yoxdur:
“Statistikaya baxsaq, Azərbaycanda insanların il ərzində balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir. Halbuki bu göstərici dünya ölkələrində 20 kq, Asiya ölkələrində isə 40 kq təşkil edir”.
Hikmət Əlizadənin diqqət və nəzərinə çatdırırıq ki, iki il əvvəl Ağdaş rayonunun Abad kəndinin Kür çayı sahilində Tuğay meşələrində "Mando" deyilən 100 hektara yaxın meşə massivində süni balıq gölü yaradılmış və nəticədə 100 minlərlə adı "Qırmızı Kitaba"düşmüş ağac və kollar quruyub məhv olmuşdur.Bu meşələrin bütünlüklə məhv olması təhlükəsi hələdə qalmaqdadır.İnanırıq ki, sözügedən nazirlik özlərinin də dediyi kimi bioloji müxtəlifliyin xilas olunması və qorunması naminə bu məsələni araşdıracaqdır.