Beş toxum emalı müəssisəsi istifadəyə veriləcək
Ölkədə daimi yerli toxum tədarükünün formalaşdırılması istiqamətində yeni layihələr həyata keçirilir. Məqsəd il ərzində bütün mədəni bitkilər və ev heyvanları üzrə azı 10 faizlik daxili toxum tədarükünə nail olmaqdır. Bu hədəfə çatmaq üçün ilin sonunadək 2 toxum emalı zavodu fəaliyyətə başlayacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu tərəfindən yaradılacaq müəssisələrin hər birinin emal gücü saatda 5 ton olmaqla, 3 min ton saxlanc imkanına malikdir. Hazırda müəssisələrdən birinin Xaçmaz rayonunda tikintisi aparılır. Şəkidə yerləşən zavodda isə quraşdırma işləri görülür. Müəssisələrin növbəti aylarda təhvil verilməsi nəzərdə tutulur.
Emin Əliyev - Dövlət Toxum Fondunun sədri:
- Həmin müəssisələrdə toplam 7500 ton məhsulu saxlamaq imkanına malik olacağıq. Azərbaycanın illik toxuma olan tələbatı 120 min ton təşkil edir. Müəssisələrin təhvil verilməsi ilə tələbatın 5 faizini ödəmək imkanı əldə edəcəyik. Gələcəkdə bu rəqəmin daha da artırılması planlaşdırılır.
Bu il Qax Damazlıq İpəkçilik Stansiyasının istifadəyə verilməsi də planlaşdırılır. Növbəti ildə isə daha 3 toxum emalı və istehsalı zavodu tikiləcək. Toxum emalı müəssisələri ilə yanaşı, gələcəkdə Bakı Toxum Birjasının yaradılması da gözlənilir. Birjada satış, konsaltinq, toxum ticarəti, eləcə də adiyyəti xidmətlərin online bazarının fəaliyyətə başlaması nəzərdə tutulur. Ümumilikdə, toxum tədarükü Fondunun yaradılması istiqamətində beynəlxalq təcrübə öyrənilir və artıq Türkiyə təcrübəsinin istifadəsi ilə bağlı danışıqlar aparılır.
Azərbaycanla Türkiyə toxumçuluq sahəsində də əməkdaşlıq edəcək. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı İşləri Baş İdarəsi arasında niyyət protokolu imzalandı. Toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi mövzusunda praktiki seminar da keçirildi.