Çingiz niyə topa tutulur və ya rusca ilə rusbaşın fərqi...
Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycanda rus məktəblərinin bağlanması təklifinə ciddi etirazı və bunu istəyənləri aşağılaması niyə bu qədər geniş rezonans doğurdu?
Məsələnin mahiyyətindən başlayaq: dil – ünsiyyət vasitəsi deyil, həm də ünsiyyət vasitəsidir. Dilin yalnız ünsiyyət vasitəsi olması barədə sovet ideoloqlarının dilçiliyə soxuşdurduğu təlim çoxdan sıradan çıxıb.
Dil – təfəkkür tərzidir, düşüncədir, dünyagörüşün formalaşmasında misilsiz rol oynayır. Sən hansı dildə düşünürsənsə, o mədəniyyətin daşıyıcısısan.
Xatırladım: orta məktəbin aşağı siniflərində oxuyanda bütün qonşularım ruslar idi – son dərəcə mədəni, yüksək səviyyəli, mehriban insanlar. Məni çox əzizləyirdilər, öz balaları kimi. Hər zaman da onlarla ünsiyyətimiz belə idi: onlar rusca danışırdılar, mən azərbaycanca və bir-birimizi gözəl başa düşürdük.
Bir dəfə Boris Nikolayeviç rusca danışmağımın vacibliyini dedi, Sovet İttifaqından danışdı, rus dilinin önəmini vurğuladı və məni məcbur etdi ki, rusca danışaq. Danışdıq və mən bir-iki cümlə deyəndən sonra uğunub getdi.
İzah elədi: sən azərbaycanca düşünürsən, mənimlə danışanda düşüncəni ruscaya tərcümə edirsən, ona görə bu qədər ləhcən yaranır. Əgər rusca mükəmməl danışmaq istəyirsənsə, birinci, rusca düşünməyi öyrənməlisən. Bunu bacarmasan, onda ruscaya tərcümə üçün şüurunu o qədər inkişaf etdirməlisən ki... Məsələn, Heydər Əliyev kimi! Amma yaxşısı rusca düşünməkdir, daha asan yoldur.
Mən heç vaxt rusca düşünə bilmədim, “sinxron tərcüməni” də təkmilləşdirməyi bacarmadım, ona görə də hələ də ruscaya “tərcümə edirəm”.
Məsələnin mahiyyəti budur, Çingiz Abdullayev!
İki məşhur nümunə gətirək – rəhmətlik Boris Nikolayeviçi yad etməklə:
1. Heydər Əliyev nümunəsi. Hələ 1984-cü ildə bütün ruslar çox gözəl bilirdi ki, Heydər Əliyev rusca mükəmməl danışır, rus ədəbi dil normalarına isə ruslardan daha gözəl riayət edir. Çünki o, şüurunda azərbaycancadan rus ədəbi dil normalarına “sinxron” tərcümə edirdi. Bunu bizə misal göstərirdilər – hətta!
2. Çingiz Abdullayev nümunəsi. Sən rusca düşünürsən, sən azərbaycanca danışanda düşüncəndəki ruscanı tərcümə edirsən. Bunun nümunələri çoxdur – məsələn, Elmar Məmmədyarov, məsələn, Eldar Əzizov və s.
Ona görə siz azərbaycanca bu qədər bərbad səviyyədə danışırsınız. Sizin intellektual şüurunuzun imkanları da o səviyyədə deyil ki, rusca düşüncənizi azərbaycanca mükəmməl “sinxron” tərcümə etmək bacarığınız olsun.
Gəldik ikinci mühüm nüansa:
Rəhmətlik akademik Marr deyirdi ki... – dil təfəkkür tərzidir, düşüncədir, dünyagörüşdür. Ki bu cür misilsiz akademiki rus-sovet imperializminin niyə sevmədiyini də gözəl bilməlisiniz.
Sən rusca düşünürsənsə, demək, dünyagörüşün də ruscadır, rus təfəkkürünə yaxındır. Əstafurullah, mən demirəm ki, sən “rusbaş”san, ancaq bu təfəkkürlə "rusbaş" olmaq ehtimalın həddən artıq çoxdur – rəhmətlik Marr belə düşünürdü və dünyanın ən nüfuzlu dil mərkəzlərinin Marr nəzəriyyələri üzərində qurulduğunu nəzərə alsaq, o kişiyə haqq qazandırmalıyıq.
“Erməni intellektlər” rusca və yaxud hansısa dildə heç də yüksək səviyyədə danışmırlar. Həm gürcülər, həm də ermənilərin rusca necə güclü ləhcə ilə danışdığını sovet adamı kimi sən bizdən yaxşı xatırlamalısan. İndi hardan çıxartdın ki, erməni və gürcülər bizdən daha yaxşı rusca danışırlar?!
Təəssüf ki, bizim rusca danışanlarımızın böyük əksəriyyəti məhz rusca mükəmməl danışdığı üçün – yəni rusca düşündüyü üçün milli məsələlərimizdə də “rusca” fikirləşirlər və millilikləri veclərinə də olmur. Nümunələr “n” qədərdir.
O şəxslər ki, rusca mükəmməl danışır, ancaq azərbaycanca düşünür, onların milli təəssübkeşliyi öz dillərinin əhatə etdiyi dünya boydadır.
Bəli, biz kiçik ölkəyik, Çingiz müəllim; bəli, bizim gənclər mümkün qədər rus, ingilis, fransız və s. dilləri mənimsəməlidir, bu, mütləqdir. Ancaq Çingiz yoldaş, bizim kiçik ölkə olmağımız kiçik millət olmağımız anlamına gəlmir. Sizsə o sözü məhz bu istiqamətdə işlətmisiniz.
Əgər siz azərbaycanca – yəni türkcə düşünsəydiniz, bu dilin tarixi yaddaşı sizin “kiçik ölkə” rüsvayçı-təslimçi-özündənbədgüman təfəkküründən xilas olmağınıza bəs edərdi. Siz Azərbaycan dilinin düşüncəsindən uzaqsınız, əgər bu dilin genetik yaddaşı sizdə oyaq olsaydı, ən pis halda Azərbaycanı Səfəvilərin 2,8 milyon kv/km ərazisi boyda, ən yaxşı halda isə Altaydan Anadoluya qədər təsəvvür edə bilərdiniz.
Bu dildə düşünsəniz, siz nə boyda böyük olduğunuzu görərdiniz, anlayardınız ki, bizim “kiçik ölkə” həcmində düşünməyimiz üçün farslar və ruslar 200 ildir can qoyurlar. Nəticələri də ortadadır – Çingiz Abdullayev nümunəsi!
Rusca, ingiliscə öyrənmək üçün rusca, ingiliscə məktəblərə qəti ehtiyac yoxdur, sadəcə, orta məktəbdə rusca və ingiliscənin mükəmməl tədrisinə ehtiyac var. Yəni yetişən gənclərimiz azərbaycanca, türkcə düşünməli, onların mənəvi sərhədləri Altaydan İstanbula, Yakutdan Kərkükə qədər olmalıdır, Moskva dövləti boyda və ona “ağzıaçıq heyranlıqla” yox!
Biz ruscadan, rus elmindən də çox şey öyrənirik, ingilis elmindən də. Mütəxəssislərimiz hətta tariximiz üçün dari dilini də öyrənməlidir.
Ancaq məhz öyrənməlidir, mümkün olduqca bu dildə mükəmməl danışmağı da bacarmalıdır, ancaq öyrəndikləri dildə düşünməli deyil – sənin kimi!
O ki qaldı dünyanın müxtəlif kanallarında erməni aparıcıların, jurnalistlərin olmasına və azərbaycanlıların olmamasına, bu, intellektlə bağlı məsələ deyil, bu, azərbaycanlı-türklərə qarşı münasibət, ermənilərin bir neçə ölkənin Qafqazda maraqlarının ifadəçisi olmasıyla əlaqəlidir.
Əlbəttə, yəqin ki, ermənilərin rus kanallarında möhkəmləndiyini nəzərdə tutmusunuz – mən də elə o kontekstdə dedim...