Ermənilərin soyqırım yalanı ABŞ və Türkiyəni üz-üzə qoydu
ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını tanıyan 296 saylı qətnamələrin əksəriyyətini qəbul etdi. Həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstəklənən sənədin lehinə 405, əleyhinə isə 11 konqresmen səs verib, 3 nəfər bitərəf qalıb.
Xeberinmerkezi.az xəbər verir ki, qətnamənin tövsiyə xarakteri daşımasına baxmayaraq, konqresmenlərin bu addımı ABŞ və Türkiyə arasındakı münasibətləri ciddi şəkildə çətinləşdirə bilər.
Konqresmenlər qətnaməyə sürətlə baxılmasının Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatından, o cümlədən son dönəmlər Ankara və Vaşinqton arasındakı gərginlikdən qaynaqlandığını etiraf edir.
İrəvan alqışlayır, Ankara qınayır
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayların “soyqırım” kimi tanınması qərarını alqışladı.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə amerikalı konqresmenlərin qərarını “tarixi məqsədlərə çatmaq üçün tarixdən istifadə cəhdi” cəhdi adlandırdı: “Məyus olanlar həmişə köhnəlmiş qətnamələrə müraciət edirlər. Ancaq bu şəkildə intiqam alacağına inananlar səhv edirlər. Tarixdən siyasətdə istifadə edənlərin bu utancverici qərarı hökumətimiz və xalqımız üçün bir məna kəsb etmir. Bu, heç bir qanuni qüvvəyə sahib deyil”.
Türkiyə Xarici İşlər Nazirliyi də yaydığı açıqlamada bu qətnamənin həm Amerika, həm də beynəlxalq hüquqa zidd olduğunu vurğuladı: “Bu, 1948-ci il “Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit edilən prinsipləri pozur”.
Ankara hansı cavabı verəcək?
Rəsmi Ankaranın əsassız ittihamlarla dolu sənədin mətnin qəbul edilməsinə görə səfirini Vaşinqtondan geri çağırması ilə “soyqırım”ın tanınmasına cavab verəcəyi gözlənilir. Haqlı olaraq, rəsmi Ankara “soyqırım”ın tanınmasına sərt reaksiya verir. Səsvermə ərəfəsində Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç konqresmenlərə müraciət edərək, qətnamənin qəbul edilməsini rədd etməyə və NATO daxilində hərbi müttəfiq olan Türkiyə və ABŞ arasındakı əlaqələrinə təhlükə yaratmamağa çağırmışdı.
Amerika prezidentləri imtina etmişdi
Nümayəndələr Palatası sonuncu dəfə 30 il əvvəl - 1984-cü ildə belə bir sənəd qəbul etsə də, təşəbbüs Senatın təsdiqini almadığı üçün qanuni qüvvəsini itirdi.
1915-ci ildə Osmanlı imperiyasında yaşayan və separatizmlə məşğul olan ermənilərin dinc formada köçürülməsi Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində “soyqırım” kimi tanınıb. Ancaq Türkiyə haqlı olaraq bu addımlara qarşı daim etiraz edir.
Təsadüfi deyil ki, indiyədək ABŞ hökuməti bu hadisələri “soyqırım” adlandırmaqdan çəkinib. Bənzər qətnamələr uzun müddətdir Konqresdə müzakirə olunurdu, lakin əvvəllər Nümayəndələr Palatası tərəfindən səsə qoyulmamışdı.
ABŞ Prezidenti Donald Tramp və sələfi Barak Obama da 1915-ci il hadisələri ilə əlaqədar rəsmi çıxışlarda “soyqırım” sözünün işlədilməsindən çəkinmişdi.
Sürətli baxış
Maraqlıdır ki, qətnamənin qəbul edilməsi əksər müşahidəçilərin gözlədiklərindən daha sürətli oldu. Qətnamə Nümayəndələr Palatasının səsverməsinə çıxarılan prosedur qaydaları haqqında komitə və erməni lobbiçilərinin istədiyi kimi düzəlişlər etmədən qəbul edildi. Layihə erməni lobbisi ilə yanaşı, iki yəhudi təşkilatı - Amerika Yəhudi Komitəsi və Defamasiya əleyhinə Liqas dəstəkləyib.
Sənəd yanvar ayında Demokratlar Partiyasının çoxluğunu aldığı yeni çağırış Nümayəndələr Palatasının iclaslarının açılışından dərhal sonra Konqresə təqdim edilmişdi. Demokratlar arasında çoxlu sayda erməni mənşəli amerikalı və Yaxın Şərqdəki digər xristian azlıqların nümayəndələri təmsil olunur.
Qətnamənin müəllifləri Demokratlar Partiyasının Xarici İşlər Komitəsinin sədri Eliot Engel və Respublikaçı azlıqların lideri Maykl Makkall, həmçinin Kaliforniyanın müxtəlif bölgələrindən olan iki konqresmen Devin Nunes və Adam Şiffdir.
Geosiyasi amillər
Soyqırımın tanınması barədə qətnamə yanvar ayında rəsmi şəkildə Nümayəndələr Palatasına təqdim edilsə də, Konqres bunu qəbul etməkdən imtina edirdi. Türkiyənin Suriyanın şimalında anti-terror əməliyyatlarına başlamasından sonra isə sənəd işıq sürəti ilə qəbul olundu. Yəni əvvəllər qondarma soyqırım bölgədə ABŞ-ın maraqlarını təmin edən Türkiyəyə görə tanınmırdısa, indi ABŞ Ankaranın bölgədə anti-terror əməliyyatları keçirməsindən narazıdır.
Başqa sözlə, qətnamə bugünkü geosiyasi kontekstdə Türkiyəni cəzalandırmaq cəhdi kimi görünür.
ABŞ Konqresində Türkiyəyə qarşı artan düşmənçilik türk ordusunun Suriyada terrorçulara qarşı hücumundan sonra yaranmağa başlayıb. Bu baxımdan, qətnamənin qəbul edilməsi Türkiyə-ABŞ münasibətlərinə ağır xətər yetirə bilər. Lakin məsələ Nümayəndələr Palatasının qərarı ilə bitmir, qətnamə Senatda təsdiqlənməli, sonra imzalanmaq üçün ABŞ prezidentinə verilməlidir. Qətnamənin qanuni qüvvəsi olması üçün prezidentin imzası lazımdır, prezidentin isə məsələyə münasibəti hələlik bəlli deyil.