İngiltərə Bakıda Fransaya rəqib olur
Birləşmiş Krallığın Azərbaycanla yaxınlaşması və son zamanlar münasibətlərin sıxlaşması uzun illər sonra rəsmi Londonun bir regionda Fransa ilə rəqabətə girməsinə gətirib çıxara bilər. Çünki rəsmi Paris bənzər şəkildə Ermənistana yaxınlaşır. Cənubi Qafqaz yeni reallıqlar fonunda böyük güclərin rəqabət meydanına dönə bilər. Həm siyasi, həm də iqtisadi baxımdan.
Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana səfərini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Birləşmiş Krallıq son zamanlar xarici siyasətində əsaslı dəyişiklik edib:
“Xüsusilə də bu dəyişiklik Avropa İttifaqından çıxandan sonra daha çox özünü büruzə verir. Aydın məsələdir ki, Birləşmiş Krallıq daha aktiv xarici siyasət apararaq dünya siyasətində yenidən aparıcı faktor olmaq niyyətindədir. Bu istiqamətdə Azərbaycanla təmasları gücləndirmək, əlbəttə, önəmlidir.
O ki qaldı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinə, deyə bilərəm ki, iki ölkə arasında uğurlu tarixi əlaqələr mövcuddur. Belə ki, rəsmi London Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasındadır. Bu gün iki ölkə arasında çoxtərəfli əlaqələr davam etməkdədir. Xüsusilə Birləşmiş Krallıq işğaldan azad edilən ərazilərin yenidən qurulması istiqamətində investisiya qoyuluşunda maraqlıdır və rəsmi Bakı ilə təmasları gücləndirməsi də bundan xəbər verir”.
Politoloq qeyd edib ki, regionda yeni reallıqlar var və rəsmi London bu reallıqları nəzərə alaraq öz yerini möhkəmləndirməyə çalışır:
“Azərbaycanın regionda yaratdığı yeni reallıqlar şübhəsiz ki, bir çox ölkənin diqqətini çəkib. Müharibəyə qədər rəsmi Bakının ərsəyə gətirdiyi nəqliyyat, energetika layihələri bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması mərhələsi ilə daha fərqli bir müstəviyə keçib. Bütün bunları rəsmi London da görür və qiymətləndirir. Birləşmiş Krallığın nüfuzlu şirkətləri, investorları istəyir ki, daha güzəştli şərtlər altında quruculuq və s. işlərdə əsas paya malik olsun. Xüsusilə bu istiqamətdə rəsmi Londonun tarixi rəqibi Fransa da diqqət çəkir. Çünki Fransa bir yandan rəsmi Bakı ilə danışıqlar apararaq prosesdə özünə yer etməyə çalışır, həm də Ermənistanın yanında yer alaraq siyasi mövqeyini ortaya qoyur. Bu mənada düşünürəm ki, xanım Vendi Mortonun Azərbaycana səfəri məhsuldar olacaq. Birləşmiş Krallıq bizim üçün vacib tərəfdaşdır və bunu istər müharibədən əvvəl, istərsə də müharibə zamanı göstərdi. Düşünürəm, bundan sonra da ölkələrarası münasibətlər inkişaf edəcək”.