Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İrina Avropa çempionu oldu: Rafael yenə eyni rəqibə finalda uduzdu - YENİLƏNİR


Dünya karatesinin “Brilyant oğlanı” adlandırılan Rafael Ağayev 12-ci dəfə Avropa çempionu ola bilməyib.

Xeberinmerkezi.az xəbər verir ki, idmançımız iki il əvvəl Minskdəki II Avropa Oyunlarının finalında uduzduğu Stanislav Qorunaya yenə uduzub.

O, 1:0 öndə olduğu görüşdə başdan aldığı ippon fəndlə 1:3 hesabı ilə uduzub.

15:15

Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklərin 56-cı Avropa çempionatında mükafatlar uğrunda fərdi döyüşlər başlanıb.

Final görüşlərində İrina Zaretskaya (-68 kq) Vasiliki Panetsiduya (Yunanıstan) 3:0 qalib gələrək ilk dəfə individual şəkildə Avropanın ən güclüsü olub.

Pənah Abdullayev Uğur Aktaşa uduzaraq gümüş medalla kifayətlənib.

Asiman Qurbanlı Kosovodan olan rəqibinə 0:1, İlahə Qasımova isə Belarusdan olan karateçiyə 3:5 uduzaraq medalsız qalıb.

10:36

Xorvatiyanın Poreç şəhərində keçirilən karate üzrə Avropa çempionatında idmançılarımız həlledici görüşlərə çıxacaq.

Bu gün üç karateçimiz final, üç idmançımız isə bürünc medal görüşünə çıxacaq.

Kişilərdə (kumite) 75 kq-da Rafael Ağayev 12-ci dəfə Avropa çempionu olmaq üçün altıqat qitə mükafatçısı, II Avropa Oyunlarının qalibi Stanislav Qoruna (Ukrayna) ilə qarşılaşacaq.

Pənah Abdullayev 84 kq-da ilk dəfə Avropa çempionu olmaq üçün altıqat qitə birincisi Uğur Aktaşı (Türkiyə) yenməyə çalışacaq.

II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı 84 kq-dan yuxarı çəkidə üçüncü dəfə qitənin bürünc medalını qazanmaq üçün Herolind Nişevtsini (Kosovo) məğlub etməlidir.

Qadınlarda İrina Zaretskaya 68 kq-da komanda yarışlarından sonra Avropanın fərdi qızıl medalını da qazanmaq üçün qitənin üçqat qızıl medalçısı Viki Panetsidunun (Yunanıstan) müqavimətini qırmalıdır.

İlahə Qasımova 55 kq-da 2016-cı ildə komanda yarışlarında Avropa çempionluğundan sonra qitənin ilk bürünc medalını əldə etmək üçün İrina Şarıxina (Belarus) ilə görüşəcək.

Kata yarışlarında Roman Heydərov ardıcıl beşinci dəfə Avropa çempionatının bürünc medalını qazanmaq üçün 2014-cü ilin qitə çempionu, son beş analoji yarışın üçüncüsü Mattia Buzatodan (İtaliya) daha yaxşı performans göstərməyə çalışacaq.

Həmçinin parakarateçilərin yarışında dünən bürünc medal qazanmış Sahib Əhədov və Eldar Əhmədovdan başqa, bu gün daha bir idmançımız mükafat uğrunda yarışacaq. Emiliya Mitlinova qızıl medal görüşünə çıxacaq. Onun rəqibi Vask Karmen (Estoniya) olacaq.

Qeyd edək ki, Avropa çempionatına sabah keçiriləcək komanda yarışları ilə yekun vurulacaq. Kişilərdən ibarət kumite və kata millilərimiz bürünc medal görüşlərinə çıxacaq. Burada kata millimiz bürünc medal üçün son qitə çempionatının üçüncülük yarışında uduzduğu Rusiya ilə görüşəcək. Rafael Ağayevin də yarışdığı kumite millimiz isə güclü İspaniya ilə qarşılaşacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə