Azərbaycanda koronavirus pandemiyasına görə mayın 4-nə qədər uzadılan karantin rejimi 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının, habelə ali məktəbələrə qəbul imtahanlarının keçirilməsinin qrafikinədə yenidən baxılmasını zəruri edib. Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 4-dən etibarən ölkədə xüsusi karantin rejiminin mərhələlərlə yumşaldılacağını açıqlayıb, amma hələlik tədris prosesinin və nəticədə imtahanların keçirilməsinin nə zaman bərpa ediləcəyi məlum deyil. Bununla belə indidən bəllidir ki, tədris prosesinin və imtahanların əvvəlki qaydalar üzrə bərpası mümkün olmaya bilər.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında imtahanların təşkili üçün müxtəlif variantların müzakirə olunduğunu bildirib.
"Hazırda təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdiriləcək. İmtahanlarımız kütləvi şəkildə həyata keçirilir. Həmin imtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən müəyyən ediləcək",-M.Abbaszadə bildirib.

O bildirib ki, keçiriləcək imtahanlarda bir partanın arxasında bir abituriyentin oturması nəzərdə tutulur: “Halbuki əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq».
M.Abbaszadə qeyd edib ki, qəbul imtahanların iki mərhələdə keçirilməsi sual altındadır. Çünki birinci mərhələnin aprel ayında keçirilməsi artıq mümkün olmayacaq. Ona görə də qəbul imtahanlarının bir mərhələdə keçirilməsi variantı nəzərdən keçirilir.

DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.
M.Abbaszadə imtahanların keçirilməsi zamanı abituriyentlərin temperaturunun ölçüləcəyini, temperaturu olanların imtahana buraxılmayacağını da deyib.

"Fevral və mart ayında keçirilən imtahanlarda iştirak edən namizədlərin də temperaturu ölçülürdü. Növbəti dəfə də keçirəcəyimiz imtahanlarda kimsə xəstə olsa o, iki dəfə keçirilməsi nəzərdə tutulan imtahan olsa digərində iştirak edəcək. Yox əgər bir dəfə imtahan keçirilsə o, xəstə halda imtahana buraxılmayacaq",-o deyib.
M.Abbaszadə DİM-in online imtahan keçirməyə hazır olduğunu, ancaq bunun üçün təhlükəsizlik və texnki məsələlərin həllini tapmalı olduğunu deyib.