Koronavirus infeksiyası Rusiyada o qədər sürətlə yayılır ki, hətta Səhiyyə Nazirliyi həkimlərə laborotoriyanın təsdiqi və testin cavabları olmadan belə kliniki əlamətlərə görə xəstələrə koronavirus diaqnozu qoymağa icazə verib.
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya 1” telekanalında yayımlanan “Vesti” proqramında məlumat verib. Səhiyyə naziri bildirib ki, həkimlər yeni alqoritm üzrə işləyirlər: stasionar şəraitdə xəstəxanaya yerləşdirilən xəstədə testin nəticəsi yoxdursa, qeydiyyat zamanı müayinə edilərkən onda pnevmoniyanın əlamətləri və COVİD 19-a bənzər hallar aşkarlanarsa, həmin xəstə koronavirusa yoluxanlar kimi müalicə edilir.
Xəstələrin əksəriyyəti həkimə gec müraciət edirlər. Belə olan təqdirdə ciddi problemlər yaranır və bu da ölümcül nəticələrə gətirib çıxarır. Ona görə də xəstəliyin ilk mərhələsində müalicəyə başlamaq lazımdır. Testin cavabını gözləmədən kompüter tomoqrafiyası və ya rentgen müayinəsi olunması vacibdir.

Bu ərəfədə həkimlər koronavirusdan və pnevmoniyadan müailicə olunanları eyni şöbədə yerləşdirməyi təklif ediblər. Buna səbəb laboratoriya nəticələri təsdiqlənməyən və pnevmoniyadan əziyyət çəkənlərin sayının kəskin şəkildə artması olub.
Moskva səhiyyə departamenti COVID-19 testlərinin aşağı olduğunu etiraf edib. Lakin xəstəliyin ağır formalarının yüksək risk altında olduğu bildirilib.
Səhiyyə departamenti tərəfindən koronavirusa yoluxan xəstələrin test nəticələrinin böyük əksəriyyətinin səhv olması barədə tibbi məntəqələrinə xəbərdarlıq edilib. Departamentin rəhbəri Aleksey Xripun bununla əlaqədar olaraq xəstəliyin ağır formalarının yayılma riskinin mövcud olduğunu deyib. O, ağır dərəcəli pnevamoniyalı xəstələri kompüter tomoqrafiyasına göndərməyi məsləhət görüb.

Xəstəliyin ağırlaşması (xəstəliyin başlanğıcından üç-beş gün sonra) sürətlə, hətta bəzən bir neçə saat ərzində baş verir. Səhiyyə departamentinin rəhbərinin sözlərinə görə, rentgen və KT koronavirus infeksiyasının ən mühüm və əhəmiyyətli diaqnostikasıdır. Çünki xəstəliyin ağırlaşması və koronavirusdan ölüm halları virus və bakterial mənşəli pnevmoniyalar zamanı baş verir.
Koronavirusa yoluxanların 20-30 faizinin test cavabları düzgün nəticə göstərməyə bilər. Yəni, virusa yoluxanlarının üçdə birinin test nəticəsinin təsdiqi onun sağlam olmasını göstərsə belə, əslində həmin şəxslər virusa yoluxanlardır.
Rusiya səhiyyə nazirliyinin pulmonoloqu Sergey Avdeyev də koronavirus testlərinin əksəriyyətinin yanlış nəticə göstərdiyini bildirib. O, “İnsan və dərman”konqresindəki çıxışı zamanı deyib ki, test nəticələrinin dəqiqliyi 70-80 faizdən yuxarı deyil. Pulmonoloq bunu 1,4 min xəstənin test nəticələrinin tədqiqinə istnadən söyləyib. Virusa yoluxanlardan 300 nəfərində testin cavabı mənfi nəticə verib. Lakin ağciyərlərin kompüter tomoqrafiyası zamanı yeni infeksiyanın tipik dəyişiklikləri özünü göstərib.
"Beləliklə, koronavirusun ən dəqiq testi kompüter tomoqrafiyasıdır” – həkim deyib.

Bu səbəbdən həkimlər təklif edirlər ki, əgər testin nəticəsi müsbət deyilsə, amma koronavirusun əlamətləri və KT zamanı xəstədə pnevmoniya aşkar edilərsə həmin xəstə xəstəxanaya yerləşdirilsin və yoluxmuş xəstə kimi müalicə olunsun.
Koronavirus infeksiyasının ən təhlükəli cəhəti insanın tənəffüs orqanlarını sıradan çıxarmasıdır. Bir neçə saat ərzində xəstədə tənəffüs çatımazlığı yaranır və bu da ölümə səbəb olur.
Testlərin 30 faizinin yanlış nəticə göstərdiyinə görə koronavirusu digər infeksion xəstəliklərdən ayırmaq üçün mütləq kompleks müayinə, qan analizi və KT müayinəsi vacibdir.
Filatov adına Moskva Şəhər Kliniki Xəstəxanasının həkimi, kardioloq-reanimatoloq İrina İlenko deyir ki, koronavirusa yoluxmuş xəstələrlə işləmək çox ağırdır: “Hazırda mənim işlədiyim şöbənin yarısında müalicə olunanlar süni nəfəs aparatına qoşulanlardır, yarısı isə potensial namizədlərdir... İnsanları evlərindən təcili yardım maşını ilə gətirirlər. Sutka ərzində bəzən 100, bəzən də 200 xəstə gətirilir. Kimisi artıq süni nəfəs aparatına qoşulmuş vəziyyətdə xəstəxanaya çatdırılır. Bu günlərdə koronavirusa yoluxmuş 50-60 yaşlı qadını müayinə edirdik. Qadın oksigen maskasında idi, amma şikayət etmir, “bəli, nəfəs almaq olduqca çox ağırdır, amma dözə bilirəm” deyirdi. Danışırdı. Rentgen müayinəsi zamanı pnevmoniyanın əlamətləri aşkarlandı, amma kritik həddə deyildi. Bu cür xəstələri bir neçə saat üzü üstə uzadırıq ki, kürəkləri nəfəs alsın”- həkim açıqlamasında belə deyib.

Kardioloq-reanimatoloq İrina İlenkonun sözlərinə görə, 20 ilik həkimlik təcrübəsi zamanı bu cür hallarla heç zaman qarşılaşmayıb: “Bəzən süni aparata qoşulmağa lüzum olmur. Həm xəstə də şikayət etmir. Xəstəni kompüter tomoqrafiyasına aparırıq. Baxırıq ki, ağciyər tamamilə sıradan çıxıb, yoxdur! Və mən indi anlayıram, koronavirusa yoluxanların hansında pnevmoniya varsa o saat ölürlər. Bir-birinin ardınca. Hamısı belədir və bu çox dəhşətlidir. Mən reanimasiyada 20 ildən çox işləmişəm. Amma heç vaxt belə hallara rast gəlməmişəm”.
Qeyd edək ki, son məlumata görə Belarus da Rusiyadan koronavirus testləri almaqdan imtina edib. Bu ölkənin xarici işlər naziri Vladimir Makey bildirib ki, Belarus Rusiyadan testlərin yeni partiyasını almaq fikrindən daşınıb. Bundan əlavə Rusiya Belarusa 10 min test vermşdi, Minsk daha 30 min test almağı planlaşdırırdı. Makey deyib ki, danışıqlar iki Rusiya şirkəti ilə aparılırdı, amma indi bu testlər lazım deyil. Nazirin sözlərinə görə, imtinanın səbəbi Belarusun özünün test istehsalına başlamasıdır, üstəlik Rusiya testlərinin nəticələrinin etibarlı olmadığı təsdiqlənib. “Bu testlərin vasitəsilə ilə koronavirusu aşkarlama ehtimalı 60 faizdən çox deyil”,-nazir bildirib.