Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Lukoyl"da müəmmalı rəhbər ölümlərinin sayı 7 oldu

Rusiya neft və qaz sənayesini bürümüş müəmmalı ölümlər dalğası daha bir yüksək səviyyəli top-menecerin həyatına son qoyub. 

İddiaya görə, cümə axşamı, sentyabrın 1-də "Lukoyl”un vitse-prezidenti Ravil Maqanov Moskvanın Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi klinik xəstəxananın pəncərəsindən yıxılaraq yerindəcə dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash”  məlumatlı mənbələrə istinadən məlumat yayıb.

1993-cü ildə şirkət yaranandan "Lukoyl”da işləyən 68 yaşlı Maqanovun meyiti xəstəxana əməkdaşları tərəfindən aşkar edilib. "Hadisə Moskva vaxtı ilə saat 07:00 radələrində baş verib", - TASS-ın vəziyyətlə tanış olan mənbəsi bildirib. Onun sözlərinə görə, hadisənin səbəbini müəyyən etmək üçün polis hadisə yerinə gəlib.

"Lukoyl” Maqanovun ölümünü təsdiqləyib və bildirib ki, top menecer "ağır xəstəlikdən sonra” dünyasını dəyişib.
"Fəxri neftçi” adı və Aleksandr Nevski ordeni ilə təltif olunan Maqanov sovet dövründən neft sənayesində çalışıb, "Lukoyl”da kəşfiyyat və hasilatla bağlı məsələlərə rəhbərlik edib. 2006-cı ildə o, şirkətin birinci icraçı vitse-prezidenti təyin edilib, 2020-ci ildə isə direktorlar şurasının sədri Valeri Qrayferin ölümündən sonra idarə heyətinə rəhbərlik edib.

Maqanov "Lukoyl”un əsas səhmdarı Vahid Ələkbərovun doğum günündə vəfat edib və 2022-ci ilin əvvəlindən dünyasını dəyişən neft-qaz sənayesinin top-menecerləri seriyasında yeddinci olub.

Yanvar ayında "Qazprom İnvest” nəqliyyat xidmətinin 60 yaşlı rəhbəri Leonid Şulman Leninqrad vilayətindəki elit qəsəbələrin birində ölü tapılıb. Cəsədin yanında sınmış ayağındakı ağrılardan şikayət etdiyi qeyd olunan kağız parçası tapılıb.

Mart ayında Leninqrad vilayətində "Qazprom”un Korporativ təhlükəsizlik üzrə vahid hesablaşma mərkəzinin baş direktorunun müavini Aleksandr Tulyakovun meyiti tapılıb. Onun yanından da intihar məktubu olub, lakin onun məzmununun açıqlanmamasına qərar verilib.

Aprel ayında "Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin, habelə onun həyat yoldaşı və qızının meyitləri Moskvadakı mənzillərdən birində tapılıb. 
Bundan bir müddət sonra İspaniyada "Novatek”in keçmiş top meneceri Sergey Protosenya, həyat yoldaşı və qızının cəsədi tapılıb.
May ayında "Lukoyl"un keçmiş top meneceri Aleksandr Subbotin yerli şamanlarla görüşdən sonra Mıtişidə vəfat edib. "Mash”ın yazdığına görə, onu qurbağanın zəhəri ilə "poxmeldən” sağaltmağa çalışıblar, lakin seans ölümlə başa çatıb.

İyul ayında Finlandiya körfəzi yaxınlığındakı "Morskiye terrası” elit kottec qəsəbəsində "Qazprom”un podratçısı kimi Arktika müqavilələri üzərində işləyən "Astra shipping” şirkətinin baş direktoru 61 yaşlı Voronovun cəsədi tapılıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə