Mehmet Oktay: “Göstərilən böyük dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarıq”
İyulun 29-da gecə saatlarında başlayan yanğınlar təkcə meşələrimizə deyil, yaşayış məntəqələrinə də böyük zərər vurub. Əminəm ki, bütün bu çətinliklər arxada qalacaq, yanğının fəsadları tezliklə aradan qaldırılacaq.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə müsahibəsində Muğla vilayətinin Marmaris rayon bələdiyyəsinin sədri Mehmet Oktay ifadə edib.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının Marmarisin iqtisadiyyatına, eləcə də turizmə böyük zərər vurduğunu, meşə yanğınlarının çətinlikləri daha da ciddiləşdirdiyini söyləyən bələdiyyə sədri Mehmet Oktay alovlarla mübarizədə kömək edənlərə təşəkkür edib, bölgədə fəaliyyət göstərən Azərbaycan yanğınsöndürənlərinin fədakarlığını yüksək dəyərləndirərək Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını ifadə edib.
Xatırladaq ki, Azərbaycan yanğınsöndürənləri alovların tuğyan etdiyi Marmaris bölgəsində də böyük şücaət göstəriblər. Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alıblar.