Messi dünya çempionu olmaq üçün DÇ-2018-i son şans adlandırıb
Futbol üzrə DÇ-2018 dünya çempionu titulunu qazanmaq istəyən argentinalı futbolçuların indiki nəsl üçün son imkan olacaq.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu fikri Argentina yığmasının hücumçusu və kapitanı Lionel Messi səsləndirib. Otuz yaşlı Messi deyib: “Təəssüf ki, biz nəticədən asılıyıq. Hiss edirik ki, əgər indi çempion olmasaq, heç bir zaman bu titulun sahibi ola bilməyəcəyik”.
Dünya çempionatında iştirak edəcək Argentina yığmasının oyunçuları Serxio Aquero, Qonsalo İquain, Anxel di Mariya, Nikolas Otamendi, Xavyer Maskerano 30 və daha yuxarı yaşdadırlar.
Argentina yığması 2014-cü il dünya çempionatının finalına çıxmış və Almaniya komandasına 0:1 hesabı ilə məğlub olmuşdu, Amerika Kuboku finallarında isə Çili yığmasına uduzmuşdu. Bununla bağlı Messi deyib: “Bu matçlardan sonra xalqımızın arzusunu həyata keçirə bilmədiyimiz üçün mən çox ağladım. Görünür ki, üç final bizim üçün tamamilə faydasız oldu. Lakin mən inanıram ki, biz kuboku qaldıra biləcəyik”.
Messi “Barselona”nın heyətində səkkiz dəfə İspaniya çempionu, beşqat İspaniya Kubokunun sahibi və dörd dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı beş dəfə “Qızıl top” mükafatına layiq görülüb. Messi Argentina yığmasının tərkibində 2008-ci ildə Pekində keçirilmiş Olimpiya oyunlarının qalibi də olub. Hücumçu üç dünya çempionatında iştirak edib və bu turnirlərdə argentinalılar ən yaxşı nəticəni 2014-cü ildə Braziliyada əldə ediblər. Onlar həmin çempionatda gümüş medal qazanıblar, Messi isə turnirin ən yaxşı oyunçusu seçilib.
Futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Argentina yığmasının “D” qrupundakı rəqibləri İslandiya, Xorvatiya və Nigeriya komandaları olacaq.
Futbol üzrə DÇ-2018 dünya çempionu titulunu qazanmaq