"Dünya iqtisadiyyatı 2020-ci ilin birinci rübünün sonundan pandemiya ilə bağlı yeni çağırışlarla üzləşdi".
Xeberinmerkezi.az bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu çağırışlar fonunda ölkə iqtisadiyyatı çətinliklərə üzləşsə də dayanıqlığını nümayiş etdirib: "İqtisadiyyatımızın əsas oyunçularına mənfi təsir minimum səviyyədədir. Ölkədə biznes mühiti son illər yaxşılaşdırılır, biznes mühitə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balanslaşdırılma baş verməsinə inanırıq. Sahibkarların fəaliyyətinin təşviq edilməsi davam etdiriləcək. Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss edirik. İnvestisiya layihələrinə maraq qalıb, düşünürəm ki, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərəfindən layihələrin həyata keçirilməsini müşahidə edəcəyik".
Nazir onu da bildirib ki, pandemiya dövründə idxalın 5 faiz ətrafında azalması müşahidə edilir.
Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma var: "Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir".
Nazir həmçinin qeyd edib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərin həcmi barədə danışmaq hələ tezdir: "Hazırda bu proses davam edir. Hesablamalar aparılır".