Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması buğda bazarında vəziyyəti kəskinləşdirib.İri alıcılar buğda tədarükünə dair tenderləri ləğv edirlər və gözləmə mövqeyi tuturlar. Çünki Qara dənizdən və Azov dənizindən yükdaşımalarla bağlı mürəkkəb vəziyyət yaranıb. O cümlədən Qərbin sanksiyalarının təsiri ilə regionun əsas buğda istehsalçısı olan Rusiyada rublun devalvasiyası gözlənilir, bu isə o deməkdir ki, fermerlər taxılı daha baha sata bilmək üçün əllərində saxlaya bilərlər.

Məsələn, Rusiya buğdasının ən iri alıcılarından olan Misirin GASC şirkəti fevralın 24-nə təyin edilmiş tenderi ləğv edib. Tenderə əsasən taxıl alıcıya aprelin 11-12-də çatdırılmalı idi. Tenderə cəmi bir şirkət təklif verib-“Viterra” şirkəti 60 min ton fransız taxılını göstərilən tarixdə daşınma xərci də daxil olmaqla tonunu 449 dollardan çatdırmağa hazır olub. Bu isə indiki bazar qiymətindən az qala 100 dollar yuxarıdır.
Hazırda buğdanın tonu birjalarda təxminən 352 dollardan satılır, bu da 2021-ci ilin mayından bəri ən yuxarı qiymətdir. Bahalaşma həftəlik göstəriciyə əsasən 16,3 faiz, ilin əvvəli ilə müqayisədə isə 21,3 faiz təşkil edib. Rusiyada fəaliyyət göstərən, aqrar bazarların təhlili ilə məşğul olan “SovEkon” analitik mərkəzi hesab edib ki, buğdanın bir tonunun 400 dollaradək bahalaşması gözləniləndir. Ötən mövsümdə Ukrayna təxminən 6 milyon ton buğda, 13-14 milyon ton qarğıdalı, Rusiya isə təxminən 7-7,5 milyon ton buğda və 1-2 milyon ton qarğıdalı ixrac edə bilər. Rusiyanın taxıl terminalları işləyir, Ukrayna isə artıq Qara dənizdəki terminallarının fəaliyyətini dayandırıb. Azov dənizində nəqliyyat dünəndən bağlanıb. Orada iki Ukrayna limanı var, onların gücü ildə təxminən 2-3 milyon ton ixracdır. Azov dənizindəki bir sıra Rusiya limanlarının tutumu 12-15 milyon ton təşkil edir.

Müharibənin mümkün təsirləri ilə bağlı Reuters-in sorğusuna qatılan analitiklər də dünyada nəinki taxılın, o cümlədən digər vacib ərzaq məhsullarının bahalaşacağını deyiblər. Çünki hər iki ölkə əsas ərzaq ixracatçılarıdır. Qlobal buğda ticarətinin üçdə birindən çoxu, təxminən 35 faizi bu iki ölkənin payına düşür.
virtualaz.org xəbər verir ki, Azərbaycanın buğda təlabatı təxminən 3,1 milyon tondur və buğda ilə özünü təminat səviyyəsi isə 59-60 faizdir. İdxal edilən 40 faiz buğdanın böyük həcmi un istehsalında istifadə edilən ərzaqlıq buğdadır. Azərbaycanın buğda idxal etdiyi ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır. Rusiya müharibə başlamadan əvvəlki kimi buğda ixrac edə bilməyəcəklərini açıqlamışdı. Ukraynada isə müharibə nəticəsində taxıl istehsalının kəskin azalacağı da gözlənilir.

İqtisadçı Cəfər İbrahimli hesab edir ki, Azərbaycan digər ölkələr kimi xüsusilə taxıl idxalında ciddi problemlə qarşılaşmayacaq.
“Dünya bazarında ərzaq buğdasının bahalaşması bir neçə ildir müşahidə edilir. Baş verən qlobal böhranlar, pandemiya, müharibələr, qıtlıq ilk növbədə taxılın qiymətinə təsir edir. Ukrayna və Rusiya da buğda istehsal və ixrac edən ölkə hesab olunur”, - İbrahimli deyib.
İqtisadçının sözlərinə görə, Rusiya müharibədən əvvəl də ixraca müəyyən məhdudiyyətlər qoymuşdu. Ötən ilin fevralından ixraca əlavə gömrük rüsumu da tətbiq edilirdi, taxılın tonuna 50 avro ödənildi: “Ukrayna, Rusiya və Qazaxıstanın illik taxıl istehsalı dünya bazarına qiymətə daim təsir edib. İndi isə Rusiya və Ukraynanın birbaşa hadisənin mərkəzində olması çətinliklər yaradıb, qiymətlər artıb. Onsuz da son illər taxılın qiyməti artmaqda davam edirdi, bu son hadisələr də bir tərəfdən təsir göstərdi”.
C.İbrahimli hesab edib ki, Rusiya dünyada baş verən prosseslər fonunda buğda ilə bağlı Azəbaycana problem yaratmayacaq, məhdudiyyət tətbiq etməyəcək. Rusiya Avropa ölkələrinə ixracla bağlı qərarında dəyişiklik edə bilər: “Son bir ildə Azərbaycana ehtiyacı ödəyəcək qədər taxıl idxal edilib. Ölkəyə yalnız qış aylarında taxıl gətirilir. Bir neçə aydan sonra taxıl yığımına da başlanılacaq”.
Builki mövsümdə işğaldan azad edilmiş torpaqlarda da taxıl əkilib, ən azından 300 min ton əlavə taxılımız olacaq. Bu da əvvəldən açıqlandığı kimi idxalın həcmini bir qədər azalmasına təsir edəcək.