Moderator.az-a Naxçıvanda hərbi xidmət keçən hərbçi valideynlərindən təşəkkür məktubu gəlib. Məktub müəllifləri israrla onların məktublarının saytda yayılmasını xahiş ediblər.
Məktubda deyilir:
Hörmətli redaksiya!
Biz bu məktubda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova ailələrimiz adından minnətdarlıq etməyi özümüzə borc bilirik. Bəlkə də bizim bu müraciətimiz kimin üçünsə çox şeyi ifadə etmir. Amma bizim hansı hislər keçirdiyimizi övladı, həyat yoldaşı Silahlı Qüvvələrimizdə xidmət keçənlər daha yaxından bilir. Biz gerçəkdən dövlətimizlə, silahlı qüvvələrimizlə, onun Ali Baş Komandanı ilə qürur duymaqla bərabər, ordumuzun şəxsi heyətinin döyüş ruhunun əhəmiyyətli dərəcədə yüksəlməsində əvəzsiz xidməti olan müdafiə naziri Zakir Həsənovun da adını minnətdarlıqla çəkməyi özümüzə borc bilirik.
Hörmətli redaksiya!
Məlumunuz olsun ki, təxminən bir ay öncə övladlarımız - Naxçıvanda xidmət keçən 3 hərbçimiz ağır yol qəzasına düşərək həyatla ölüm arasında savaşmaq zoruna qalmışdı. Ancaq Müdafiə Nazirliyinin ağ xalatlı xilaskarları övladlarımızı, oğullarımızı bizə yenidən qazandırmağı bacardı. Məhz onların sayəsində baş leytenant Gözəlov Əlqəm Əhəd oğlu, çavuş Məmmədov Babalı Dinar oğlu, əsgər Fətullayev İsmayıl Ramiz oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicələrini davam etdirirlər.

Bunu xüsusi minnətdarlıqla çatdırmağı özümüzə borc bilirik ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov qəza baş verdiyi gündən bu günədək az qala hər gün hospitaldakı hərbçilərimizin səhhəti ilə maraqlanıb və onların ən qısa zamanda sağalıb yenidən hərbi xidmətə davam etmələri üçün əlindən gələni əsirgəməyib, həmin hərbçilərin ailələrinin qayğıları ilə yaxından maraqlanıb. Biz heç şübhə etmirik ki, Xalq - Ordu vəhdəti, Ali Baş Komandanın qətiyyəti işğalçıların diz çökdürülərək torpaqlarımızdan qovulması ilə nəticələnəcək. İlham Əliyev kimi Rəhbəri, Vasif Talıbov kimi qədirbilən dövlət adamı, Zakir Həsənov kimi peşəkar müdafiə naziri olan ölkə zalıma boyun əyməz, tezliklə ona haqq etdiyi cəzanı verər. İnşallah tezliklə torpalarımız Ali Baş Komaandanımızın sarsılmaz qətiyyəti hesabına tamamilə işğaldan azad olunacaq. İnanırıq ki, o zəfər günü uzaqda deyil. Allah Xalqımızı, Silahlı Qüvvələrimizi, Ali Baş Komandanımız qorusun!