Respublika 1 Saylı Psixiatriya Xəstəxanasının Dünya Səhiyyəsində Mövqeyi
Norman Sarterius: “Öz səviyyəsinə və çəkisinə görə sizin xəstəxana kimi müəssisəni cəmi bir-iki ölkədə görə bilərik”
Müsahibimiz 1 Saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi əməkdar həkim Ağahəsən Rəsulovdur.
1. Həkim, mümkünsə xəstəxana haqqında məlumat verəsiniz. Adətən, cəmiyyətdə bu tipli müəssisələrə münasibət bir mənalı olmayır:
Səhiyyə Nazirliyi tərəfindən xəstəxanada xəstələrin rahatlığı, müasir standartlara uyğun binalarda müalicəsinin davam etdirilməsi, yaradılan şərait, onlara göstərilən diqqət və qayğı, sosial yardım proqramları əsasında həyata keçirilən yenilikləri qeyd etsəniz daha məqsədəuyğun hesab olunar.Məlumat üçün bildiririk ki, xəstəxana 2030 çarpayılıdır, xəstəxanada 900 nəfər işçi heyəti çalışır, 31 şöbə və müxtəlif profilli kabinetlər fəaliyyət göstərir. Eyni zamanda xəstəxana burada müalicə olunan xəstələr arasından 300-dən çox sosial əlaqələrini itirmiş xəstələrə sahiblik edir. Xəstəxanamız son illərdə tam əsaslı təmir olunmuş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında aparılan müalicələr müasir müalicə prinsiplərinə arxalanmaqla yeni diaqnostik-instrumental (EEQ, UZİ, EKQ, rəqəmsal rentgen müayinə, laboratoriya və s.), klinik sorğu və digər metodlardan istifadə etməklə dəqiq diaqnoz qoyulub, xəstələrin psixiatrik yönümlü müalicəsi aparılır. Eyni zamanda xəstəxanamızda xəstələrin psixotrop müalicəsi ilə yanaşı, somatik xəstəliklərinin də müalicəsi ön plandadır. Bunun üçün xəstəxana yeni müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş və digər diaqnostika məsələlərində yarana biləcək çətinliklər aradan qaldırılmışdır. Qeyd etmək istərdik ki, bu müalicə üsulları ilə yanaşı xəstəxanada qeyri medikamentoz üsullardan da istifadə edilir.
2. Bir neçə il əvvəl xəstəxanada tibbi personalın çatışmadığının şahidi olmuşduq:
Xəstəxanada demək olar ki, bütün ixtisaslardan olan həkimlər-psixiatr, terapevt, kardioloq, stomatoloq, şüa diaqnostika, dermatoveneroloq, nevropatoloq, pediatr, cərrah, dietoloq, anestezioloq-reanimatoloq, laborant, ftiziatr, narkoloq və s. fəaliyyət göstərir.
3. Ölkəmizin dünyaya integrasiyası təbii ki səhiyyəmizin də inkişafına təkan vermişdir:
Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimizin peşəkarlıq səviyyəsinin artırılması da ön plandadır. Belə ki, həkimlərimiz Rusiya, Türkiyə və bir çox Avropa ölkələrində dəfələrlə təkmilləşdirmə kursları keçmiş, konfrans və simpoziumlarda iştirak etmişlər. Bununla yanaşı bir çox dünyanın aparıcı klinikalarının professor və həkim heyyəti xəstəxanamıza dəvət olunmuş və elmi-praktik konfransları təşkil olunur. 2012-ci ildə Litva Respublikasından dəvət olunmuş bir qrup əməkdaş həkim, psixoloq, və əmək müalicəsi üzrə təlimatçılar üçün reabilitasiya işi ilə əlaqədar xüsusi treninq keçirilmişdir. 30 mart 2013-cü il tarixdə “ Xəstələrin psixososial reabilitasiyasının aparılması və təkmilləşdirilməsi” mövzusunda Bolu İzzət Baysal adına Ruhi-Əsəb Xəstəlikləri Xəstəxanasının baş həkimi, Türkiyə Cümhuriyyətinin psixiatriya üzrə baş reabilitoloqu Hülya Ensarinin iştirakı ilə elmi-konfrans keçirilmişdir.
4. Səhv etmirəmsə, xəstəxanada psixoreabilitasiya şöbəsi də fəaliyyət göstərir:
Xəstələrin cəmiyyətə qayıtması, xüsusi bacarıqlarının inkişaf etdirilməsində, öz səhhəti və imkanlarına görə əməyə cəlb olunması sahəsində müvafiq işlər görülür. Onların asudə vaxtlarının səmərəli keçirilməsi, sənət öyrənməsi və eyni zamanda maraqlarının qorunması rifah hallarının yaxşılaşdırılmasını təmin etmək məqsədilə xəstəxanada 2012-ci ildən psixoreabilitasiya şöbəsi fəaliyyət göstərir. Psixoreabilitasiya şöbəsinə 100 nəfərə yaxın pasientlər müxtəlif şöbələrdən könüllü olaraq cəlb olunur. Həmin şöbədə Azərbaycan dekorativ-sənət nümunələri: xalçaçılıq, qobelen, toxuma, bədii tikmə, şüşə oyma, dulusçuluq, musiqi, teatr, rəqs, yoqa vəs. dərnəklər fəaliyyət göstərir. Həmin pasiyentlər bu dərnəklərdə iştirak etməklə yanaşı bir-biriləri ilə ünsiyyətə girir, səmimi söhbət edir, gələcəyə planlar qururlar. Dəfələrlə psixi xəstəlikdən əziyyət çəkən pasiyentlər Alman-Azərbaycan birliyi olan Kapellhausda Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin iştirakı ilə mədəniyyət gecələri təşkil olunur, müxtəlif sərgilərdə, festivallarda iştirak edirlər. Onlardan Azərbaycan xalçaları festivalı, “ Bəzək” yaradıcı insanlar birliyinin və Beynəlxalq Qadınlar Klubunun təşkil etdikləri sərgiləri, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə psixi xəstəlikdən əziyyət çəkən insanların rəsm əsərlərinin sərgisi, 11 Mart 2016-cı ildə Azərbaycan Xalça Muzeyində “ Psixososial reabilitasiyanın inkişafına dəstək” ilk ümumrespublika forumu keçirilmişdir. Forum nəinki respublikada psixi xəstəlikdən əziyyət çəkən insanların bacarıqlarını, eyni zamanda regionlarda olan psixi xəstəlikdən əziyyət çəkən insanların əl işlərini nümayiş etdirdi, onların bir araya gəlməsinə səbəb oldu. Uafa-nın təşkilatçılığı ilə 2017-ci ildən “Uşaq İnkişafı” layihəsi uşaq və yeniyetmə şöbələrində həyata keçirilir.
5. Hər halda ərazidə salınmış yaşıllıqlar diqqətdən kənarda qala bilməz:
Ərazidə ətraf mühitin yaşıllaşdırılması ilə əlaqədar 19 min ədəd ağac, 45 min kollar əkilmişdir. 2 Böyük süni göl yaradılmış və gölün ətrafında park salınmışdır.
6. Xəstəxana haqqında daha nə deyə bilərsiniz?
Qeyd edim ki, ölkə başçısının, Səhiyyə Nazirliyinin digər tibb müəssisələri kimi bizə də göstərdiyi diqqət və qayğısını nəticəsi olaraq, etiraf edim ki, tanınmış psixiatr Norman Sarterius xəstəxanamıza gələrkən bildirdi ki, “Öz səviyyəsinə və çəkisinə görə sizin xəstəxana kimi müəssisəni cəmi bir-iki ölkədə görə bilərik”.
Müsahibəni apardı: Şamil Şamilov
Respublika 1 Saylı Psixiatriya Xəstəxanasının Dünya Səhiyyəsində Mövqeyi