Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

TAP İtaliyadakı sosial layihələr üçün 400 min avro ayırıb

07-06-2017 | 15:29        

  

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru TAP AG şirkəti İtaliyanın Leççe əyalətində qeyri-kommersiya təşkilatları üçün kiçik qrant proqramının ikinci mərhələsinə başlayıb.

Proqramın ilk mərhələsi üzrə qalan yeddi layihə üçün bu il qrant ayrılacaq. Proqramın ümumi büdcəsi 400 min avrodur. Bu, 2016-cı ildəki məbləğdən iki dəfə çoxdur. Hər layihə üçün maksimum 50 min avro ayrılacaq. İdman sahəsi üzrə də təkliflər verilə bilər.

Proqramda Leççe əyalətindəki bütün qeyri-kommersiya təşkilatları iştirak edə bilər. Təkliflər iyunun 1-dən avqustun 31-dək qəbul ediləcək.

Qeyd edək ki, TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Boru kəmərinin inşası üzrə işlərin 42 faizi icra edilib.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

TAP-ın İtaliya ərazisindən keçən 8 kilometrlik hissəsinin tikintisi hazırda uğurla aparılır. Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.

İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən müvafiq əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir. Keçən ilin may ayından etibarən TAP-ın İtaliya hissəsinin inşasına başlanılıb. Ötən ilin yayından TAP marşrutu boyunca partlamamış hərbi sursatın olub-olmadığını yoxlamaq məqsədilə arxeoloji kəşfiyyatlar, eləcə də xətt üzrə bitən zeytun ağacları üçün fitosanitar tədbirlər (tozlanma) aparılır. Oktyabr-dekabr aylarında isə San Foça çimərliyində mikrotunelin tikintisi üzrə bütün geoloji tədqiqatlar yekunlaşıb. Cari ilin martında isə mikrotunelin tikiləcəyi ərazidən 231 zeytun ağacının ilk partiyasının köçürülməsinə başlanılıb. Lakin sonradan Latsio vilayət məhkəməsinin qərarı ilə zeytunlarının köçürülməsi işləri dayandırılıb.

Bu il aprelin 20-də isə İtaliya məhkəməsi TAP-ın bu ölkədəki hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayət məhkəməsinin qərarını ləğv edib. Məhkəmənin qərarından sonra TAP nəzərdə tutulan qrafikdən geridə qalmamaq üçün mümkün qədər tez bir zamanda İtaliyadakı fəaliyyətini bərpa edib. TAP konsorsiumu İtaliyada boru kəməri marşrutu üzrə zeytun ağaclarının köçürülməsinə yenidən başlayıb. TAP bu prosesdə iştirak edən bütün hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirir. Bütün işlər təhlükəsiz gedir və boru kəməri marşrutu boyunca qalan zeytun ağacları da köçürülür. Hazırda İtaliyada tikinti işləri qrafik üzrə aparılır.

İtaliyanın “Saipem S.p.A” şirkəti isə TAP boru kəmərinin Adriatik dənizindən keçəcək 37 düymlük və 105 kilometr uzunluğundakı hissəsinin tikintisinə 2018-ci ildə başlayacaq. Şirkət layihə üzrə mikrotunellərin tikintisi başa çatdıqdan sonra TAP-ın dənizdən keçəcək hissəsinin inşasına start verəcək. “Saipem S.p.A” tikinti işlərinə gələn il başlamağı planlaşdırır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru TAP AG şirkəti İtaliyanın Leççe əyalətində qeyri-kommersiya təşkilatları üçün kiçik qrant proqramının ikinci mərhələsinə başlayıb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə