Qara dənizdə “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.
"Report"un verdiyi məlumata görə, onun meyiti suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.
Bildirilib ki, T.İsmayılov və digər Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimovun gəmidə sıxılmış vəziyyətdə qalmış meyitlərinin çıxarılması istiqamətində iş aparılır.
**
17:19
Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.
Səfirlikdən verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.
* * *14:20
Türkiyənin Daxili İşlər Nazirliyi Türkiyənin Samsun vilayəti sahillərində batan gəmi ilə bağlı məlumat yayıb.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, qeyd olunub ki, sahildən 77 mil məsafədə Panama bayrağı altından üzən gəminin batması ilə bağlı təhlükə siqnalı daxil olduqdan sonra Sahil Təhlükəsizlik Komandirliyi kater və vertolyotla axtarış xilas etmə əməliyyatına başlayıb.
Batan gəmidən yeddi ekipaj üzvü xilas edilib, 2 nəfərin isə meyiti tapılıb. Xilas edilənlərdən dördü vertolyotla Samsuna gətirilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Bildirilib ki, gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.
* * *13:58
Qara dənizdə Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb.
Türkiyə KİV-lərinin yazdığına görə, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.
Son məlumatlara əsasən, Türkiyənin sahil-mühafizə xidməti 4 nəfəri xilas edə bilib.
Digər heyət üzvlərinin axtarışları davam etdirilir.