Bu gün Türkiyədə siyasi baxımdan çox kritik yerli seçkilər keçirilir. Virtualaz.org xəbər verir ki, seçkilərdə əsas mübarizə hakim AKP ilə onun müttəfiqi MHP-nin birləşdiyi “Cümhur ittifaqı” ilə müxalif CHP ilə “İYİ partiya”nın birləşdiyi “Millət ittifaqı” arasında gedir. Bu bloku kürdlərin HDP partiyası da dəstəkləyir. Lakin səsverməyə az qalmış islamçı platforması ilə tanınan və AKP-dən qopmuş “Səadət partiyası” da həmin bloka dəstək verəcəyini açıqlayıb.

Hər iki blok 51 vilayət üzrə öz namizədlərini irəli sürblər. 30-u böyükşəhər olmaqla cəmi 1389 bələdiyyə başqanı postu uğrunda 8 min 270 namizəd mübarizə aparır.
Bu seçkilər ona görə kritik hesab edilir ki, Türkiyədə iqtisadi böhran əlamətlərinin özünü getdikcə daha çox büruzə verdiyi bir vaxtda keçirilir. Və uzun illərdən bəri ilk dəfədir ki, hakim partiyanın paytaxt Ankaranı müxalifətə uduzması riski var. Belə ki, bütün rəy sorğularına əsasən “Millət ittifaqı”nın (Ərdoğan seçki mitinqlərində bu bloku “Zillət ittifaqı” adlandırırdı) namizədi Mansur Yavaş öndə gedir. Əgər səsvermənin nəticələrinə müdaxilə olmasa onun qalib gəlmək şansı yüksəkdir. İstanbulda isə “Cümhur ittifaqı”nın namizədi keçmiş baş nazir və spiker Binəli Yıldırımdır. Hərçənd onun mövqelərinin də kövrək olduğu haqda xəbərlər gəlir.

Seçki kampaniyası kifayət qədər gərgin keçib, prezident Ərdoğan “Cümhur ittifaqı”nın demək olar bütün təbliğat mitinqlərində iştirak edərək müxalifətin, yaxud özünün dediyi kimi “Bay Kamal”ın (Kamal Kılıcdaroğlu) ünvanına kəskin tənqidlər səsləndirib. Ənənəvi olaraq bu çıxışlar xarici qüvvələrin Türkiyəyə qarşı qəsd planlarının olması və hakimiyyətin bu planları necə boşa çıxardığı barədə tezislər üzərində qurulmuşdu.
Habelə seçki kampaniyası yüksək inflyasiya, xüsusən də meyvə-tərəvəz qiymətlərinin kəskin artması şəraitində keçirdi. Ərdoğan bu bahalığa görə meyvə-tərəvəzi kəndlilərdən ucuz alıb şəhərlərdə dəfələrlə baha satan möhtəkirləri qınayıb, onları “qida terrorçuları” adlandırıb və seçkilərdən sonra belələri ilə haqq-hesab çəkəcəklərini bildirib. Habelə hökumət qiymətləri aşağı salmaq üçün birbaşa fermerlərdən meyvə-tərəvəz alaraq onları xüsusi ayrılmış yerlərdə supermarketlərdən və bazarlardan nisbətən ucuz qiymətə satışa çıxarıb. Belə məkanlarda ucuz soğan, pomidor, badımcan almaq istəyənlərin uzun növbələri yaranıb.
Türkiyədə inflyasiya 20 faizə çatır, seçki günü yaxınlaşdıqca lirə də dəyərdən düşməyə başlayıb və bütün bunlar hakim partiyanın mövqelərini zəiflədir. Bu baxımdan “Cümhur ittifaqı”nın Ankara və bəzi digər şəhərlərdə uduzması riski var.