Xəbər verildiyi kimi ötən gün Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib. Prezident çıxışında qeyd edib ki, bu mövsümdə rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb. Hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib.
Prezident rayonlar üzrə hər hektardan orta hesabla neçə sentner pambıq yığıldığına dair rəqəmləri də sadalayıb, üç rayonda məhsuldarlığın çox aşağı olduğunu vurğulayıb.
“Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?” ,-dövlət başçısı deyib.
Ucar başçısı Mənsur Məmmədov (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur,-red.) isə prezidentin bu sualına aydın cavab verə bilməyib, gələn il məhsuldarlığın daha yüksək olacağı, Ucar torpaqlarının əlverişsiz olduğu kimi sözlər işlədib.

Bəs Ucarda pambıq yığımında məhsuldarlıq niyə aşağı olub? İcra hakimiyyətinin başçısının cavab verə bilmədiyi bu sualın cavabını biz axtarmağa çalışdıq.
Virtualaz.org xatırladır ki, Ucarda 2019-cu ildə 500 hektardan artıq sahədə pambıq yetişdirilib. Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sentyabrında sonunda verdiyi açıqlamada bildirilib ki, mövsümdə rayonda 1000 tondan çox pambıq yığılacağını proqnozlaşdırılıb.
“Hələlik hər hektardan orta hesabla 30 sentner məhsul götürülür ki, bu da rayonda yüksək göstərici sayılır. Bununla yanaşı, rayonda 10 hektar ərazidə çin texnologiyası əsasında pambıq əkilib, hətta yığıma təntənəli sürətdə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi həmin sahənin hər hektarından 70-80 sentner məhsul götürüləcəyini də proqnozlaşdırıb”,-Mərkəzin cəmi iki ay yarım əvvəl açıqladığı məlumatda belə deyilirdi.
Məhsuldarlıq isə göründüyü kimi proqnozlaşdırılandan az qala iki dəfə aşağı olub.
Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org-a bunun səbəbini Ucar Rayon İcra Hakimiyyətindən soruşmağı tövsiyə ediblər.
Kənd təsərrüfatı eksperti Nicat Nəsirli isə bildirib ki, Ucarda kifayət qədər sahədə pambıq əkini aparılıb: “Ucar, ümumilikdə, Şirvan torpaqları ağır torpaqlardır. O torpaqlarda bir neçə dəfə texniki əməliyyatlar keçirilməlidir ki, qum şəklinə düşsün ki, əkin aparılsın. Ölkədə torpaqların 47 faizi şoranlaşıb, yaxud digər eroziyaya məruz qalsın. Prezident məhz buna görə torpağın analiz məsəlləsinə diqqət yetirilməsini tapşırmışdı”,-ekspert deyib.

Nəsirlinin sözlərinə görə, Ucarda bütün torpaqlarında pambıq əkmək mümkün deyil: “Kənd Təsərrüfatı Nazirliyi təcrübə məqsədilə Ucarda 10 hektar ərazidə çin texnologiyaları əsasında pambıq əkib. O sahələrdə 50-60 sentner bioloji məhsuldarlıq təyin olunub. Amma o şərtlərlə ki, həmin ərazidə damçı sistemi qurulub, Çindən texnika gətirilib, torpağın becərilməsi vaxtında aparılıb, bir sözlə bütün aqrotexniki xəritə yerinə yetirilib. Lakin bura nazirliyin Şirvan Təcrübə Stansiyasının əkin sahəsidir. Prezidentin iradı isə fərdi təsərrüfatlarda əkilən pambığın məhsuldarlığı ilə bağlıydı. İcra hakimiyyəti görünür, orada koordinasiyanı düzgün qurmayıb”.
Prezident dünən qeyd edib ki, Ucar və digər Şirvan və Aran rayonlarında ixtisaslaşdırılma olmalıdır. Ekspertin fikrincə, ixtisaslaşdırmada həm də torpaq amili var. Torpağın tərkibini, gücünü, təyinatını bilərək əkin tətbiq edilməlidir. “Ümumilikdə isə, ötən il məhsuldarlıq orta hesabla 15-16 sentner idi, bununla qazanc əldə etmək mümkün olmurdu, xərclərlə gəlir eyni olurdu. Buna görə də rayon icra hakimiyyətlərinə, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldı ki, pambıq istehsalı ilə bağlı bütün amillər, o cümlədən torpaq amili nəzərə alınsın. Prezidentin tapşırığı nəticə verdi, məhsuldarlıq 2 dəfə yüksəldi. Bundan sonra fermer pambıqdan yüksək gəlir qazanacaq”.
Ucar Rayon İcra Hakimiyyətindən isə bütün əməkdaşların sahələrdə olduğunu deməklə kifayətləniblər. İcra Hakimiyyətinin saytındakı bütün telefon nömrələrinə zəng vursaq da cəmi bir şöbədən-ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsindən dəstəyi götürdülər:
-Hamı bu saat sahələrdədir, İcra Hakimiyyətində heç kim yoxdur, ona görə də sizin sualınıza cavab verə bilmərik.
Daha sonra Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə zəng vurduq. Bu idarədən də analoji cavab aldıq, dəstəyi götürən əməkdaş bildirdi ki, bütün məsul işçilər sahələrdədir.
-Axı pambıq yığımı başa çatıb, işçilər sahələrdə nə axtarır?
-Mən bu suala cavab verə bilmərəm,-həmin əməkdaş dəstəyi asdı.
İcra Hakimiyyətinin rəsmi səhifəsində isə qeyd olunur ki, rayonda 510 hektar sahədə pambıq əkilib. Pambıq əkininə optimal əkin müddətindən gec başlanması, aqrotexniki tədbirlərin aparılmasında texnika və mexanizimlərin çatışmaması, yığım zamanı havaların yağmurlu keçməsi, oktyabr, noyabr aylarında yağıntının normadan bir neçə dəfə artıq olması səbəbindən məhsuldarlıq az olub, istənilən nəticə əldə olunmayıb.
“Cari ildə pambıqçılığın genişləndirilməsinə diqqət daha da artırılıb, 2500 ha sahədə pambıq əkilməsi üçün 117 nəfər torpaq mülkiyyətçisi və fermer tərəfindən pambıqtəmizləmə zavodları ilə müqavilə bağlanılıb, 2000 hektardan yuxarı sahədə şum aparılıb”,-məlumatda deyilir.