Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Evdə dalaşıblar, Yadigar qızımı öldürüb, ona ən ağır cəza verilsin...”

İki övladının anasını qətlə yetirdikdən sonra bıçaqla öz ürəyindən vuraraq intihara cəhd edən, həkimlərin müdaxiləsi nəticəsində sağ qalan 42 yaşlı Yadigar Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hadisə ötən il iyulun 8-də Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Ailədaxili narazılıqla bağlı Yadigar Cəfərov qısqanclıq zəminində həyat yoldaşı 35 yaşlı Elnarə Musayevaya çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı xəsarətlərdən, qanitirmədən hadisə yerində keçinib. Y.Cəfərov daha sonra həmin bıçaqla özünə də xəsarət yetirərək intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Y.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Yadigar Cəfərov ifadəsində Elnarə ilə 2007-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladları olduğunu göstərib. Cütlük evliliyin ilk illərində Beyləqan rayonunda – Yadigarın ata evində yaşayıblar. 2010-cu ildə Yadigar arvadını özü ilə Bakıya gətirib, Binə qəsəbəsində torpaq sahəsi alaraq ikiotaqlı ev tikib. Təxminən 2015-ci ildən etibarən ər-arvad arasında narazılıqlar yaranmağa başlayıb. Bununla bağlı Elnarə dəfələrlə evi tərk edib: “Son vaxtlar uşaqları məndən icazəsiz götürüb aparırdı, yerlərini demirdi. Buna görə mübahisəmiz düşmüşdü, sillə ilə vurmuşdum. Elnarəni vurduğuma görə polisdə araşdırılma aparıldı, Elnarə şikayətini geri götürdü deyə işə xitam verildi”.


Y.Cəfərov ifadəsində gösətrib ki, işıq pulu borcuna görə “Azərişıq” ASC-nin əməkdaşı evin işıqlarını kəsib. Bununla bağlı mübahisələri yaranıb, mübahisə zamanı xəsarət alıb: “Məhkəmədə barışdıq, işə xitam verildi. Həmin prosesə Elnarə də gəlmişdi. Yanında bir kişi var idi, zala onunla birlikdə girdi. Qohumlarıma deyib ki, yanındakı xalası oğludur. Məhkəmədən sonra Elnarə paltarlarını götürmək üçün evə gəldi, aramızda dava düşdü. Bıçağı götürüb Elnarəni vurmağa başladım. Neçə zərbə vurduğumu bilmirəm. Öldürmək üçün tez-tez vururdum. Tərpənmədiyini görüb öldüyünə əmin oldum. Həyətə çıxdım, özümü öldürmək istəyirdim. Cib bıçağı ilə öz ürəyimə zərbə endirdim. Bundan sonra heç nəyi xatırlamıram. Gözlərimi açanda gördüm xəstəxanadayam”.

Y.Cəfərov Elnarəni öldürmək məqsədilə vurduğunu, övladlarını başsız qoyduğu üçün peşman olduğunu deyib.

Mərhumun anası məhkəməyə verdiyi ifadəsində qızının Yadigara könüllü qoşulub qaçdığını, evliliyin ilk vaxtlarında xoşbəxt yaşasalar da sonradan ailədaxili çətinliklər yarandığını deyib: “Elnarə bir neçə dəfə Şirvana, mənim yanıma qayıtmışdı. Yadigar uzun illər qızımla bir yerdə yaşasa da onunla rəsmi nikah bağlamamışdı ki, birdən əmlaklarına şərik olar. Hər dəfə Yadigar qohumları ilə birlikdə gəlib üzrxahlıq edib Elnarəni geri aparırdı”.

Son vaxtlar Elnarə anasına Yadigarla bir evdə yaşamağın mümkün olmadığını bildirib. Övladlarını da götürərək evi tərk edib, körpələri sığınacağa yerləşdirib.

“Həmin gün Yadigarın məhkəməsi var idi. Həmin məhkəmədə Elnarə də iştirak edib. Sonradan eşitdim ki, Elnarə Yadigara artıq onunla yaşamaq istəmədiyini deyib, bəzi əşyaları götürmək üçün Yadigarın qardaşı Elnurun maşını ilə evə gedib. Evdə dalaşıblar, Yadigar qızımı öldürüb. Məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edirəm”- mərhumun anası belə deyib.

Məhkəmənin hökmü ilə Yadigar Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə