Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 1936-cı ildən fəaliyyət göstərir. Bu 81 illik fəaliyyətində xəstəxana dəfələrlə təmir olunub yenilənmişdir. 100 çarpayılıq 3 şöbə ilə fəaliyyətə başlasa da hazırda ümumi çarpayıların sayı 2030 çarpayı olmaqla 31 şöbə ilə fəaliyyət göstərir. Xəstəxanamızın 6 qadın, 13 kişi, 3 vərəm, uşaq, yeniyetmə, narkoloji, nevroloji, yoluxucu xəstəliklər, məcburi müalicə şöbələri, 2 heronlotoji, qəbul, gündüz stasionar şöbələri, fizioterapiya, şüa diaqnostika, aptek, laboratoriya xəstələrə yüksək səviyyədə xidmət göstərir. Eyni zamanda xəstəxana müalicə olunan xəstələr arasında 300-dən çox sosial əlaqələrini itirmiş xəstələrə sahiblik edir. Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimizin peşəkarlıq səviyyəsini artırılması da ön plandadır. Belə ki, həkimlər Rusiya, Türkiyə və bir çox Avropa ölkələrində dəfələrlə təkmilləşdirmə kursları keçmiş, konfrans və simpoziumlarda iştirak etmişlər. Bununla yanaşı dünyanın bir çox aparıcı klinikalarının professor və həkim heyəti xəstəxanamıza dəvət olunmuş və elmi-praktik konfranslar təşkil olunmuşdur. Xəstəxanamız son 2008-2017-ci illərdə əsaslı təmir olunmuş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.
Xəstəxanada 2200 nəfərdən çox xəstə müalicə alır, 889 nəfər işçi heyəti çalışır.
Xəstəxanamızda aparılan müalicə metodları əsasən aşağıdakılardır:
1. Medikamentoz- psixotrop dərmanlarla müalicə: xəstəxanamızda aparılan dərman müalicəsində son nəsil antipsixotiklərdən, müasir antidepressantlardan və digər əhval-ruhiyyə stabilizatorlardan, trankvilizatorlardan, neyroprotektorlardan və nootroplardan istifadə etməklə aparılır.
2. Psixoterapevtik metodlar: dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə xəstələr psixoterapiyaya cəlb olunurlar: (qrup və individual psixoterapiya, koqnitiv psixoterapiya, idman növləri).
3. Reabilitasiya işləri: Uzun illər fasilədən sonra 2012-ci ildə xəstəxanada yenidən yaradılmış Psixososial Reablitasiya Mərkəzimizdə xəstələr reablitasiyanın bir çox növləri ilə (teatr və musiqi terapiyası, xalçaçılıq, rəsm, dulusçuluq, heykəltaraşlıq, ebru sənəti, əl işləri və s.) məşğul olurlar. Bundan əlavə bütün şöbələrimizdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur. Xəstələr şöbə daxilində həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar.
4. Elektro Konvulsiv Terapiya (EKT): Azərbaycan Psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya kabineti yaradılmışdır. EKT kabineti ən son avadanlıqlarla təchiz olunmuşdur. 5. Əmək terapiyası: Ənənəvi olan Əmək Terapiyası xəstəxanada keçən əsrin ortalarından istifadə olunur. Bu metodla əmək qabiliyyəti olan xəstələrimiz Əmək Terapiyasına cəlb olunur. Əmək Terapiyasının xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya etməsində rolu danılmazdır.
Xüsusilə qeyd edim ki, respublikadakı digər tibb müəssisələri ilə yanaşı 1 saylı Psixatriya Xəstəxanasında da 44 günlük vətən muhabirəsində döyüşmüş və yaralanmış qazilərimiz müalicə alırlar. Bu günə qədər sözügedən xəstəxanada 2000-dən çox qazimiz müalicə alıb. Hal-hazırda yenə də qazilərimizin müalicələri davam etdirilir. Xəstəxana rəhbərliyi digər müalicə alanlarla yanaşı, qazilərimizə yüksək diqqət və qayğının vacibliyini hər kəsin qarşısında vəzifə borcu ilə yanaşı həm də müqəddəs bir iş olduğunu xüsusilə qeyd edir.Bütövlukdə isə Səhiyyə Nazirliyinin səhiyyə sistemində apardığı kadr islahatları öz növbəsində yeni enerji, yeni nəfəs deməkdir ki, bundan da qazilərimiz və vətəndaşlarımız yüsək səviyyəli tibbi xidmət görəcəkdir.