Heydər Əliyev: Zamanı və məkanı aşan siyasi ağıl
Zaman və məkan insan idrakının, elmi təfəkkürünün fundamental kateqoriyasıdır. Bəşər sivilizasiyası yaranandan bu günə qədər bu anlayışı izah etmək cəhdləri həm fəlsəfədə, həm təbiət elmlərində, həm də humanitar sahələrdə aparıcı mövzu olaraq qalır.
Platon zamanı “əbədiyyətin hərəkət edən surəti”, məkanı isə formaların yerləşdiyi, materiyanın qəbul edildiyi “boş qab” kimi təsvir edir.
Aristotel zamanın ölçülə bilən bir proses olduğunu deyir: zaman “hərəkətin miqdardır”. Məkanı isə cismin tutduğu yer kimi şərh edir. Aristotel üçün məkan statik deyil- hərəkətlə bağlıdır.
Hər bir tarixi şəxsiyyətin böyüklüyü onun yaşadığı zamanın sərhədlərini aşaraq gələcək nəsillərin düşüncəsinə təsir göstərmək gücü ilə ölçülür. Azərbaycan dövlətçilik tarixində belə şəxsiyyətlərdən biri deyil, ən birincisi- Ümummilli Lider Heydər Əliyevdir. Onun fəaliyyəti təkcə siyasi idarəçilik və dövlət quruculuğu ilə məhdudlaşmır; Heydər Əliyev fenomeni zaman anlayışının fəlsəfi mahiyyəti ilə vəhdət təşkil edir. O, milli yaddaşın öz dövrünü formalaşdırdı, həm də gələcək zamanın ritmini müəyyənləşdirdi.
Heydər Əliyev üçün zaman yalnız təqvim ardıcıllığı deyildi- o, tarixi inkişafın istiqamətini, dövlətin strateji düşüncə mexanizmini, cəmiyyətin mənəvi özünüdərketmə prosesini formalaşdıran əsas kateqoriya idi. Ulu Öndər həm keçmişin dərslərini dərindən anlayır, həm yaşadığı dövrün reallıqlarını dəqiqliklə qiymətləndirir, həm də gələcəyin konturlarını qabaqcadan görərək zamanın axarına yön verirdi. Bu mənada Heydər Əliyev yalnız zamana uyğunlaşan deyil, zamanı yönləndirən lider idi.
Tarixi şəxsiyyətlərin böyüklüyünü müəyyən edən əsas amil onların yaşadıqları dövrü dəyişdirib formalaşdırmaq, zamanın axarına istiqamət vermək bacarığıdır. Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Lider Heydər Əliyev fenomeni məhz bu məqamda özünü göstərir.
Onun ictimai-siyasi fəaliyyəti yalnız konkret tarixi mərhələlərin idarə olunması ilə məhdudlaşmır, həm də zaman kateqoriyasının fəlsəfi mahiyyəti ilə üzvi şəkildə əlaqələnir. Heydər Əliyev həm keçmişi dərk edən, həm yaşadığı dövrü düzgün qiymətləndirən, həm də gələcəyi qabaqcadan görən lider kimi zamanı anlamağı və zamanla işləməyi bacaran strateq idi.
Onun yaratdığı siyasi sistem, milli ideologiya, dövlətçilik modeli və strateji xətt zamanın fövqünə yüksələrək müasir Azərbaycan cəmiyyətinin dayaq nöqtəsinə çevrilmişdir. Bu baxımdan Heydər Əliyev təkcə zamanın içində yaşayan deyil, zamanı yaradan və yönləndirən nadir tarixi şəxsiyyətlərdən biridir.
Zaman insanın fəaliyyətinin, ictimai həyatın və tarixi proseslərin əsas ölçü vahididir. Liderlik isə zamanın ritmini duymaq, onun gedişini qabaqlamaq, tarixi hadisələri dərin təhlil edərək düzgün qərarlar vermək bacarığıdır. Bütün böyük liderlər, əslində, zamanla xüsusi münasibət quran çəxsiyyətlərdir.
Zaman epoxasına görə, hər epoxanın öz tələb və çətinlikləri olur. Bu tələbləri görüb düzgün reaksiya vermək strateji düşüncə və uzaqgörənlik tələb edir. Heydər Əliyevin idarəçilik fəlsəfəsi məhz belə bir zaman- sinergiya üzərində qurulmuşdur.
Onun üçün zaman passiv axar deyil, idarə edilə bilən, dövlət maraqları naminə yönləndirilən dinamik bir proses idi. Bu keyfiyyət isə onu regionun və dünyanın ən güclü liderlərindən birinə çevirmişdir.
Heydər Əliyevin zamanı hiss etmə və hadisələrin inkişaf trayektoriyasını proqnozlaşdırma qabiliyyəti, xüsusilə də XX əsrin sonlarında baş verən böyük geosiyasi dəyişikliklər fonunda daha aydın görünürdü. SSRİ-nin son illərində baş verən prosesləri təhlil edən Heydər Əliyev gələcəkdə regionda dərin siyasi transformasiyaların olacağını hələ o zamanlardan görmüş və buna uyğun davranmışdı.
Heydər Əliyevin zaman anlayışında keçmişin müstəsna yeri vardır. O, tarixə yalnız informativ yaddaş kimi deyil, xalqın gələcəyini müəyyən edən strateji təcrübə kimi yanaşırdı. Azərbaycanın dövlətçilik ənənələrinin bərpası, məşhur tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi, milli kimliyin formalaşdırılması, mədəni irsin qorunması onun siyasətinin əsas tərkib hissəsi idi.
1969-1982-ci illəri Azərbaycanın yüksəliş dövrünün zaman modeli adlandıra bilərik. Heydər Əliyevin Azərbaycanın rəhbəri olduğu bu dövr respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı idi. Sənayeləşmə, təhsil, mədəniyyət, kadr siyasəti, milli özünüdərk- bütün bunlar zamanla yarış sürətində həyata keçirilən islahatlar idi.
1960-cı illərin sonu Azərbaycan üçün həm sosial-iqtisadi, həm də siyasi baxımdan dönüş nöqtəsi idi. SSRİ-də mərkəzləşmiş idarəçilik, iqtisadi durğunluq tendensiyası, milli respublikaların qeyri-bərabər inkişafı kimi problemlər Azərbaycanı da dərin şəkildə təsirləndirirdi. Məhz belə bir tarixi zamanda- 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişi ölkənin məkan və zaman məntiqində yenidən tərtibatını şərtləndirdi. Onun fəaliyyəti yalnız idarəçilik deyil, yeni inkişaf fəlsəfəsi, yeni milli düşüncə platforması formalaşdırdı.
Prezident İlham Əliyev 2008-ci ildə verilmiş sərəncama əsasən- “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən doğru səhifələri təşkil edir” demişdir. O, bildirmişdir ki, həmin dövrdə yaradılmış iqtisadi və sosial potensial- müstəqil Azərbaycan dövləti üçün mühüm təməl olub.
İlham Əliyev vurğulamışdır ki, heyət, kadr, elm-təhsil, infrastruktur sahəsində əldə olunmuş uğurlar sonradan- müstəqillik dövründə ölkənin yenidən qurulmasında və inkişafında özünü göstərib. Onun fikrincə, 1969-1982-ci illərdə başlanan dirçəliş- həm ölkənin material-texniki bazasının möhkəmləndirilməsi, həm də milli şüurun, milli dəyərlərin bərpası baxımından tarixi əhəmiyyətə malik idi...
Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərdə Azərbaycanda Sumqayət kimya sənayesi, Gəncə maşınqayırma, Mingəçevir enerji kompleksi, Neft maşınqayırma müəssisələri, Elektronika və cihazqayırma sektoru kimi iri sənaye mərkəzləri yaradıldı və ya modernləşdirildi. Bu siyasət respublikanın iqtisadi coğrafiyasını dəyişdi, regionda yeni əmək resursu zonaları formalaşdı.
Suvarma sistemlərinin qurulması, kolxoz-sovxozların yenidən təşkili, yeni texnika ilə təchizat kənd təsərrüfatının məhsuldarlığını yüksəltdi. Mil-Muğan, Şirvan, Qarabağ və Naxçıvanda aparılan meliorasiya işləri respublikanın məhsuldar torpaq xəritəsini genişləndirdi.
Bu dövrdə respublikanın demoqrafik və urbanistik inkişafında ciddi dəyişikliklər baş verdi. Bakı şəhəri müasir sənaye-metropol funksiyası qazandı. Yeni yaşayış massivləri (8-ci km, Əhmədli, Yeni Yasamalın ilkin planları) təsdiqləndi. Yol-nəqliyyat, enerji və su təchizat sistemləri modernləşdirildi. Beləliklə, Azərbaycan yalnız iqtisadi deyil, həm də məkan baxımından yenilənən respublikaya çevrildi.
1969-1982-ci illərin mühüm xüsusiyyəti Heydər Əliyevin kadr siyasəti idi. O, minlərlə gəncin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsini, mühəndis, energetik, neftçi, hərbçi, iqtisadçı kadrların yetişdirilməsini, elmi-tədqiqat institutlarının inkişafını təmin etdi. Bu kadrlar sonradan Azərbaycanın həm sovet, həm də müstəqillik dövrünün iqtisadi-siyasi dayaqlarına çevrildi.
Azərbaycanın müstəqillik dövrü siyasi düşüncə və dövlətçilik praktikasında zaman və məkan anlayışları sadəcə fiziki kateqoriya kimi deyil, tarixi varlığın yönünü müəyyənləşdirən strateji ölçü kimi çıxış edir. Bu ölçülərin hər ikisinin mərkəzində isə Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dayanır. O, müstəqilliyin ilk illərində parçalanmış zamanın axarını millətin yaddaşı ilə birləşdirərək, xaotik məkanı dövlətçilik nizamına çevirən lider kimi tarixə düşmüşdür.
1990-cı illərin əvvəllərində Azərbaycanın dövlətçilik zamanı parçalanmış, idarəetmə ritmi pozulmuşdu. Bu dövrdə Heydər Əliyev zaman anlayışına yalnız siyasi təqvim kimi deyil, milli kimliyi qorumağın davamlı xronologiyası kimi yanaşırdı. O, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik irsini müasir dövlət quruculuğunun təməl konsepsiyasına çevirərək, tarixi irsi müstəqil inkişaf xəttinə bağladı, milli dövlət ideyasının ideoloji sütunlarını formalaşdırdı.
Müstəqilliyin ilk illərində ölkənin siyasi məkanı parçalanmışdı: regionlar arasında idarəetmə boşluqları, separatizm təhlükələri, iqtisadi və sosial dağınıqlıq dərinləşirdi. Heydər Əliyev “məkanın bərpası” prosesini üç strateji istiqamətdə həyata keçirdi:
-Ərazi bütövlüyü uğrunda dövlət səfərbərliyi- milli ordunun formalaşdırılması, dövlət institutlarının vahid mərkəzə tabe edilməsi;
-Siyasi məkanın sabitləşdirilməsi- hakimiyyət bölgüsünün, hüquqi institutların bərpası, dövlət idarəçiliyində legitimliyin artırılması;
-İqtisadi məkanın yenidən qurulması- “Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi atlasının dünya enerji xəritəsinə çıxarılması.
Heydər Əliyevin liderlik modeli zaman və məkan faktorlarının bir-birini tamamlamasına əsaslanırdı. O, müstəqillik dövrünün real problemlərini tarixi təcrübə və gələcək perspektiv arasında körpü qurmaqla həll edirdi. Bu sintez nəticəsində dövlət quruculuğu mərhələli şəkildə strateji planlara bağlandı, Azərbaycan beynəlxalq sistemdə özünə uyğun geosiyasi mövqe qazandı, inkişafın zaman xətti uzunmüddətli tarazlıq üzərində quruldu...
Azərbaycan Respublikasının müstəqillik tarixi, onun dövlətçilik ənənələri və milli suverenliyinin qorunması Heydər Əliyevin həyat və fəaliyyətində mühüm yer tutmuşdur. Ölkəmizin hazırkı Prezidenti İlham Əliyev dəfələrlə atası Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasında əvəzsiz rol oynadığını vurğulamışdır.
İlham Əliyevin fikrincə, Heydər Əliyev yalnız sovet dövründə Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafına rəhbərlik etməklə kifayətlənməmiş, eyni zamanda müstəqillik illərində dövlətçiliyin bərpası, suverenliyin qorunması və milli maraqların təmin olunması istiqamətində mühüm addımlar atmışdır. Onun hakimiyyəti illərində həyata keçirilən islahatlar, dövlət strukturlarının formalaşması və sabit siyasi mühitin yaradılması müstəqil Azərbaycan üçün möhkəm əsaslar qoymuşdur.
İlham Əliyev Heydər Əliyevin fəaliyyətini həmçinin dövlətçilik ənənələrinin qorunması və yeni nəsillərə ötürülməsi baxımından yüksək qiymətləndirir. Onun liderliyi altında Azərbaycanın beynəlxalq mövqeyi güclənmiş, dövlətçilik prinsipləri və milli maraqlar prioritet kimi müəyyən edilmişdir. Bu baxımdan İlham Əliyev Heydər Əliyevi yalnız siyasi lider, həm də müstəqil Azərbaycanın qurucusu kimi xarakterizə edir.
Nəticə etibarilə, lham Əliyevin baxışına görə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin formalaşmasında və onun inkişafının təmin olunmasında mühüm rol oynamış, siyasi sabitlik və milli birliyin qorunmasında təməl prinsipləri müəyyən etmişdir. Bu miras isə bugünkü Azərbaycan dövlətçiliyinin möhkəm əsasını təşkil edir...
2003-cü il dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyev haqq dünyasına qovuşdu. Aradan 22 il zaman keçsə də qədirbilən xalqımız Heydər Əliyevi hər il təntənəli surətdə anaraq, onun uyuduğu məzarı kütləvi surətdə ziyarət edir.
Xalqın hər il Heydər Əliyevin anım gününü qeyd etməsinin bir neçə səbəbi vardır. Bu səbəblər daha çox tarixi reallıq, milli yaddaş və dövlətçilik prinsipləri ilə bağlıdır.
Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dövlətçiliyinin formalaşmasında həlledici fiqur olmuş şəxsdir. Onun fəaliyyəti dövlət idarəçiliyinin sistemləşməsi, təhlükəsizlik, iqtisadi islahatların başlanması və müstəqil dövlətin möhkəmlənməsi ilə bağlıdır. Bu isə cəmiyyətdə ona qarşı minnətdarlıq hissini gücləndirir.
1990-cı illərin ağır siyasi böhranı və vətəndaş qarşıdurması fonunda Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunması ilə assosiasiya olunur. Bu tarixi an xalqın yaddaşında “xilas mərhələsi” kimi yaşayır və anım gününün qeyd edilməsinə səbəb olur.
Heydər Əliyev Azərbaycan cəmiyyətində “Ümummilli lider” statusu qazanmışdır. Bu status sadəcə siyasi yox, həm də ideoloji, mədəni və mənəvi xarakter daşıyır. Belə fiqurların anım günləri xalqlar üçün ideya birliyi və ictimai həmrəylik aktına çevrilir.
Xalqlar öz tarixində mühüm rol oynamış liderlərin xatirəsini qeyd etməklə həm keçmişi unutmur, həm də gələcək nəsillərə dövlətçilik dəyərlərini ötürür. Heydər Əliyevin anım günü bu baxımdan milli yaddaşın bir elementi rolunu oynayır...
Şahin Aydəmir