Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

25 may Beynəlxalq Dağınıq Skleroz Günü ilə əlaqədar tədbir keçirilmişdir

24.05.2017-ci il tarixində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25 may Beynəlxalq Dağınıq Skleroz Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, dağınıq skleroz xəstəliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə ölkədə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” təsdiq edilmişdir. Dövlət proqramının icrasına başlanandan sonra dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir.

Tədbirdə dövlət proqramının komissiyasının üzvləri, Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının dosenti, Rövşən Həsənov, Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının assistenti Rahim Əliyev, Akademik M.Mirqasımov adına RKX-nın baş həkiminin müavini Mahir Babayev, II sinir xəstəlikləri şöbəsinin əməkdaşları iştirak etmişdirlər.

Toplantıda qeyd edildi ki, ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradılmışdır.

Bildirildi ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir. 2013-2016-cı illər ərzində proqram çərçivəsində 1240-dan çox xəstə müayinə olunmuşdur. Onlardan 1000 nəfərə dağınıq skleroz diaqnozu qoyulmuşdur və xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. 100-dən artıq xəstə dinamik müşahidəyə götürülmüşdür, 104 xəstədə diaqnoz tamamilə inkar edilmişdir.

Dövlət proqramı çərçivəsində davamlı tədbirlər həyata keçirilir. Hal-hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işi aparılır.

Həmçinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasında həkimlərin mütəmadi olaraq təkmilləşdirmə kurslarında həkim nevropatoloqlara dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşqələlər keçirilmişdir.

Hər il Nevroloqların Milli Assosiasiyası Ə.Əliyev ad. AzDHTİ-nin sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına Avonex preparatının (interferon beta-1a) inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilir.

Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi genetika kafedrasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları ilə birgə 1000 ədəd tirajla “Dağınıq skleroz üzrə klinik protokol” hazırlanmışdır.

Mütəmadi olaraq keçirilən Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunur.

Ə.Əliyev ad. AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının, ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının əməkdaşları ilə birgə “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlanmış və çap edilmişdir. İSİM-in əməkdaşları ilə birgə həkimlər üçün 1000 tirajda plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə bukletlər (dağınıq skleroz haqqında 10 mif) çap edilib paylanılmışdır.

16-17 Mart 2017-ci ildə Nevroloqların Milli Assosiasiyasının Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil etdiyi Azərbaycan Nevroloqlarının VI konfransında hər dəfə olduğu kimi, dağınıq skleroz probleminə bir sıra çıxışlar həsr edilmişdir. Konfransa Bakıdan və Respublikamızın bir sıra regionlarından 400-dən artıq iştirakçı qoşulmuş, onların arasında nevroloqlar, neyrocərrahlar, radioloqlar və s. ixtisasdan həkimlər olmuşdur. Konfrans zamanı ilk dəfə olaraq dövlət proqramının elmi nəticələri müzakirə edilmişdir.

Dövlət proqramı çərçivəsində dağınıq skleroz xəstəliyi olan şəxslərə zamanında tibbi yardımın göstərilməsi, diaqnozun qoyulması və müalicə tədbirlərinin aparılması beynəlxalq tibbi protokollara uyğun olaraq davam etdirilir.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

24.05.2017-ci il tarixində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25 may Beynəlxalq Dağınıq Skleroz Günü münasibətilə tədbir keçirilmişdir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə