2013-cü ildən Azərbaycanda malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkəmizdə malyariyanın eliminasiyasına nail olunub. Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər. Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.
Qeyd olunanları nəzərə alaraq, malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Nazirlik tərəfindən artıq hazırlıq prosesinə başlanılıb. Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyatı dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb və bu gün onun birinci toplantısı keçirilib.
Nazirlikdən qeyd ediblər ki, malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetin əhalisinin 41faizdən çoxu malyariyaya yoluxma riski altında yaşayır. Hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur. Azərbaycanda 1990-cı illərdə sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın, məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə edib. Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb və ilbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.