Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Aktau şəhərindən Andicana doğru: Türk dünyasının mədəniyyət paytaxtı statusu Özbəkistana keçir

    “Türk dünyasının mədəniyyət paytaxtı Aktau – 2025” layihəsinin möhtəşəm bağlanış mərasimi keçirilib.

    Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasimdə çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva mədəniyyət paytaxtı statusunun region üçün yalnız şərəfli bir missiya deyil, həm də Türk dünyasının zənginliyini geniş auditoriyaya təqdim etmək imkanı olduğunu vurğulayıb.

    İl ərzində Aktauda minlərlə sənətçi, alim və qonağı bir araya gətirən 30-dan çox böyük beynəlxalq tədbir keçirilib. Onların arasında musiqi, epos, folklor və rəqs festivalları, yaradıcı simpoziumlar və elmi konfranslar, həmçinin uşaqlar və gənclər üçün müxtəlif müsabiqələr yer alıb.

    İlin ən yaddaqalan hadisələrindən biri yeddi ölkədən doqquz teatrın iştirak etdiyi III Beynəlxalq Teatr Festivalı olub. 47 müsabiqə filmindən ibarət proqramla təqdim olunan “Qorqıt ata” Beynəlxalq Kino Festivalı isə anşlaqla keçib. Bu sıralamada xüsusi yeri öz parlaq səhnə işləri və bədii həlləri ilə tamaşaçıların səmimi rəğbətini qazanan Birinci Beynəlxalq Kukla Teatrları Festivalı “Köşpendi quyrşağı” (Көшпенді қуыршағы) tutub. Mərasimin xüsusi qonağı olan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Manqistau bölgəsinin qonaqpərvərliyini, Aktau şəhərinin səxavətini və mədəni zənginliyini xüsusilə qeyd edib.

    “Qazaxıstan Türk dünyasının sabitliyinin dayaqlarından biri olmaqla yanaşı, onun güc mərkəzlərindən biridir. Türk Dövlətləri Təşkilatındakı konstruktiv roluna, iqtisadi dayanıqlığına, zəngin mədəni irsinə və davamlı inkişafına görə Qazaxıstan türk ölkələri arasında lider mövqedədir”, - deyə o bildirib.

    TÜRKSOY-un Baş katibi Sultan Raev vurğulayıb ki, şəhər bütün türk icması üçün qardaşlığın və yeni imkanların simvoluna çevrilib: “Bu il qarşılıqlı etimadı möhkəmləndirən və qardaş xalqları daha da yaxınlaşdıran mühüm bir mərhələ oldu. Aktau üçün isə xüsusilə əlamətdar il kimi yadda qaldı. İl ərzində burada türk ölkələrinin nümayəndələrinin mahnıları, musiqisi və çıxışları səsləndi, bu da bizi birləşdirən ümumi mədəni məkanı əks etdirdi. Onların çıxışları türk mədəniyyətinin müxtəlifliyini nümayiş etdirərək xalqlarımızın ortaq dəyərlərini önə çıxardı”.

    Tədbir daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan 300-dən çox sənətçinin möhtəşəm vokal və rəqs nömrələri ilə çıxış etdiyi qala-konsertlə davam edib. Proqram türk ölkələrinin səhnə sənətinin zənginliyini bir araya gətirərək bayram və yaradıcı vəhdət atmosferi yaradıb.

    Konsert proqramından sonra “Türk dünyasının mədəniyyət paytaxtı – 2026” titulunun təntənəli təqdimetmə mərasimi keçirilib. Aktau şəhərinin icra orqanı bu şərəfli statusu Andican şəhərinin (Özbəkistan) icra hakiminə təqdim edib.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR