Azərbaycan Qafqazda Almaniya üçün ən mühüm iqtisadi tərəfdaşdır
“Azərbaycan Qafqazda Almaniya üçün ən mühüm iqtisadi tərəfdaşdır”. Bu fikir Almaniyada Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə həsr olunan 6-cı simpoziumda səslənib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi də vurğulanıb.
“Dağlıq Qarabağ münaqişəsi nəinki çoxsaylı insan itkisi və qeyri –sabitliyə səbəb olur, eləcə də regionun iqtisadi inkişafını ləngidir”. Cənubi Qafqazda stabillik və təhlükəsizlik məsələlərinə həsr olunan 6-cı simpoziumda çıxış edən Almaniya Bundestaqının deputatı Mark Hauptman belə deyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından məşğul olmağın vacibliyini vurğulayıb. Mark Hauptman bildirib ki, hazırkı beynəlxalq nizama görə dövlət sərhədlərinin zorakı və beynəlxalq hüquqa zidd şəkildə yenidən çəkilməsi tamamilə yolverilməzdir. Deputatın səsləndirdiyi fikirləri həmkarı Yoaxim Pfayfer də dəstəkləyib. Simpoziumda təhlükəsizlik məsələləri ilə yanaşı, iki ölkə arasındakı iqtisadi münasibətlər də müzakirə olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan Qafqazda Almaniya üçün ən mühüm iqtisadi tərəfdaşdır. Enerji sahəsindəki vacib əməkdaşlıqdan əlavə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində də geniş potensial mövcuddur. Almaniyanın xüsusilə kiçik və orta müəssisələri dəstəkləməsinin vacibliyini qeyd edib.