Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında təmsil olunur

04-07-2017 | 16:13        

  

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası Polşanın Krakov şəhərində keçirilir.

Sessiyanın açılış mərasimində Polşa Prezidenti Ancey Duda, UNESCO-nun baş direktoru İrina Bokova, Polşanın Baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski çıxış ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun başçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Ümumdünya İrs Komitəsində ölkəmizin eksperti Rizvan Bayramov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti təmsil edir.

Sessiya çərçivəsində dünya mədəni və təbii irsinə dair 200-dək qərar qəbul olunacaq. Təqdim edilmiş 34 məkandan bəzilərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması barədə qərar qəbul ediləcək.

UNESCO-nun Ümumdünya İrs Komitəsi Dünya İrsi Siyahısına salınmış 99 yerin qorunma vəziyyəti, habelə təhlükə altındakı obyektlərin vəziyyəti ilə bağlı müzakirələr aparacaq. Sessiya çərçivəsində Suriyanın Hələb şəhərinin sakinləri üçün xeyriyyə aksiyası keçiriləcək.

Hazırda 195 dövlətin üzv olduğu UNESCO-nun 21 üzv dövləti - Anqola, Azərbaycan, Burkina-Faso, Xorvatiya, Filippin, Finlandiya, İndoneziya, Yamayka, Qazaxıstan, Kuba, Küveyt, Livan, Peru, Portuqaliya, Koreya Respublikası, Tunis, Türkiyə, Vyetnam, Zimbabve, Tanzaniya Birləşmiş Respublikası və Polşa qurumun Ümumdünya İrs Komitəsinə daxildir. Azərbaycan bu komitəyə 2015-ci ildə üzv seçilib.

Ümumdünya İrs Komitəsinin direktoru xanım Meçdild Rossler sessiyada çıxışında “Hərbi münaqişə zamanı mədəni irsin qorunmasına dair Hərbi Bələdçi”nin hazırlanması və nəşrinə göstərdiyi dəstək və maliyyə töhfəsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, ölkəmizin İçərişəhər, Şirvanşahlar sarayı və Qız Qalası, eləcə də Qobustan Milli Tarix-Bədii Qoruğu Dünya İrsi siyahısına daxil edilib. İclasda Azərbaycan tərəfinin təklifinə əsasən “Xan sarayı ilə birgə Şəkinin tarixi hissəsi”nin UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsinə dair namizədlik sənədi də müzakirə olunacaq.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası Polşanın Krakov şəhərində keçirilir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə