Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə bu gün Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu ilə neft daşıyan qatarın toqquşması nəticəsində yaralananlara yardım məqsədilə xüsusi qrup yaradıb.
Bu barədə haqqın.az-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov və tanınmış mütəxəssislər 3 saylı şəhər xəstəxanasındadırlar.
Qəzada yaralanan 2 uşağın vəziyyəti ağırdır. Yaralıların müalicəsi nəzarətdədir.
* * *16:55
Hadisə yerindən əməkdaşlarımız xəbər verir ki, qəzada xəsarət alan azyaşlılar 149 saylı orta məktəbin şagirdləridir.
* * *16:51
Virtualaz.org-un əməkdaşları hadisə yerindən xəbər verirlər ki, polis əməkdaşları hazırda qəzanın baş verdiyi əraziyə heç kimi buraxmırlar.
Yerli sakinlərin sözlərinə görə, ölənlərin sayı daha çoxdur. Hətta 8, yaxud 10 nəfərin həlak olduğu deyilir. Rəsmi məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb.
Sakinlər həmçinin əlavə ediblər ki, avtobusun sürücüsü gəncdir və bu onun törətdiyi ikinci qəza hadisəsidir. Ümumiyyətlə, Binə camaatı 160 saylı avtobusun fəaliyyətindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, sürücülər sürət həddini gözləmir, adi təhlükəsizlik qaydalarına riayət etmirlər.