Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı
Ötən gecə Almaniyanın Düsseldorf şəhərindən Azərbaycan vətəndaşlarının xüsusi təyyarə reysi ilə deportasiya edilməsi baş tutmayıb.
Report-un məlumatına görə, gecə saat 02:00 radələrində 20-yə yaxın Azərbaycan vətəndaşı Düsseldorf hava limanına gətirilsə də, planlaşdırılan xüsusi reys təxirə salınıb.
Nəticədə onlar yenidən miqrasiya polisinin müşayiəti ilə müvəqqəti olaraq Düsseldorf şəhər Miqrasiya İdarəsinin sığınacaq axtaranlar üçün nəzərdə tutulan yataqxanalarından birinə yerləşdiriliblər.
“Deportasiya prosesinin hansı səbəblərə görə təxirə salınmasının səbəbi açıqlanmayıb. Ancaq Azərbaycan vətəndaşlarının Düsseldorf şəhər hava limanına yaxın yataqxanaya yerləşdirilməsi onu deməyə əsas verir ki, növbəti həftə deportasiya üçün nəzərdə tutulan xüsusi Düsseldorf - Bakı reysi həyata keçirilə bilər”, - deyə bildirilib.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə beş azərbaycanlı Almaniyadan deportasiya olunub.