Bu dövlət qurumları cərimələnəcək – Akademik
Dövlət dilinin qorunması ilə bağlı cərimə mexanizmi hazırlayırıq.
Bu sözləri yerli KİV-ə Dilçilik İnstitutunun direktoru, akademik Möhsüm Nağısoylu Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərara edilən dəyişiklik haqda danışarkən deyib.
“Baş nazir Əli Əsədovun göstərişi ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Dövlət qurumlarının rəsmi saytlarında dövlət dili normalarına riayət olunması ilə bağlı artıq cərimə mexanizmi hazırlayırıq. Bunlardan birini Milli Məclis təsdiq edib. Bu, Azərbaycan dilində fonetik normaların pozulması ilə bağlı qanundur. Yazıda fonetik pozuntular olduqda həmin rəsmi qurumlar cərimələnəcək. Bu qanun artıq qüvvədədir. Digər qanun isə artıq hazırlanmaq üzrədir”.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilib. Qərara əsasən, dövlət qurumlarının rəsmi saytlarında Azərbaycan dili normalarına riayət olunmalıdır.