Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Dünyada baş verən ən son hadisələr     


 

Avropa Komissiyası Aİ və avrozona ölkələrinin iqtisadi artım proqnozunu 0,2% aşağı salıb

Avropa Komissiyası 2018-ci il üçün Avropa İttifaqı və avrozona ölkələrinin iqtisadi artım proqnozunu 0,2% aşağı salıb. Qurumun proqnozuna görə bu il iqtisadi artım 2,1% təşkil edəcək. Bundan əvvəlki proqnozda isə artımın 2,3% olacağı göstərilirdi. 2019-cu ildə iqtisadi artımın 2% təşkil edəcəyi gözlənilir. 2018 və 2019-cu illərdə Almaniyada ÜDM-in artımı 1,9% olacaq. Bir qədər əvvəl isə bu rəqəmin müvafiq olaraq 2,3 və 2,1% həddində proqnozlaşdırılırdı. Avropa İttifaqının iqtisadi və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisinin sözlərinə görə proteksionist tədbirlərin gücləndirilməsi Avropa İttifaqı və avrozonada iqtisadi artım tempini azalda bilər.

Qahirə hava limanı yaxınlığında partlayış nəticəsində 12 nəfər xəsarət alıb

Misirin Qahirə beynəlxalq hava limanı yaxınlığında yanacaq çəni partlayıb. Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb. “Heliopolis” neft-kimya şirkətinə məxsus çənlərdən birinin partlamasına bürkülü hava şəraitinin səbəb olduğu ehtimal edilir. Partlayışdan sonra başlayan yanğının söndürüldüyü bildirilir. Mülki aviasiya nazirliyinin məlumatına görə insident hava limanının işinə təsir göstərməyib. Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Siçuan əyalətində kimya zavodunda güclü partlayış nəticəsində 19 nəfər həlak olub, 12 adam yaralanıb

Çinin cənub-qərbində kimya zavodlarından birində güclü partlayış olub. Siçuan əyalətinin İbin şəhərində baş verən hadisə nəticəsində azı 19 nəfər ölüb, 12 adam yaralanıb. Partlayışdan sonra sənaye kompleksində yanğın başlayıb. 5 saat davam edən alov üçmərtəbəli binanın dağılmasına səbəb olub. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Xatırladaq ki, 2015-ci ildə Çinin Tyantszin şəhərində kimya anbarında baş verən güclü partlayış 165 nəfərin həyatına son qoymuşdu.

Aramsız leysan kəndlərin su altında qalmasına səbəb olub

Çinin cənub-qərbindəki Qansu əyalətində aramsız leysan kəndlərin su altında qalmasına səbəb olub. Yaşayış məntəqələrində elektrik və su təchizatı kəsilib. Əyalətdəki ən böyük çay məcrasından çıxıb. Avtomobil yolları bağlanıb. Fəlakət zonasından 15 mindən çox sakin təxliyə edilib. Siçuan əyalətində də artıq bir müddətdir ki davam edən daşqın çaylarda suyun səviyyəsinin təhlükəli həddə çatmasına səbəb olub. Fəlakət zonasından onlarla sakin təxliyə edilib. Yerli icra orqanları vətəndaşlara çaylara və göllərə yaxınlaşmamağı tövsiyə edib. Yaponiyanın mərkəzi və cənub-qərbində isə iyulun 5-dən başlayan leysan, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb. 60-dan çox adamın hələ də itkin düşdüyü bildirilir. Onların axtarışları davam etdirilir. Bir neçə gün ərzində ölkənin bəzi yerlərinə 1000 millimetrdən çox yağıntı düşüb. Bu isə çayların məcrasından çıxması, yol və küçələrin su altında qalması və evlərin dağılmasına səbəb olub.  Qeyd edək ki, bu insan tələfatına görə Yaponiyada 1953-cü ildən bəri qeydə alınan ən güclü daşqınlardır.

Mexikoda yeni ticarət mərkəzi çöküb

Meksikanın paytaxtı Mexikonun cənub-qərbində yeni ticarət mərkəzinin bir hissəsi çöküb.. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Bina vaxtında boşaldılsa da, dağıntılar altında insanların qaldığı istisna edilmir. Hadisə yerinə çox sayda xilasetmə birqadası cəlb edilib. Şəhərdə nəhəng tıxac əmələ gəlib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə