Polad Bülbüloğlu istər Sovetlər İttifaqı dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan xalqına, dövlətinə xüsusilə də mədəniyyətinə xidmət etmiş, hal hazırda da xidmət edən müstəsna şəxslərdən biridir.
Azərbaycan vokal sənətinin məşhur sənətçisi, bəstəkar, məmur və nəhayət, diplomat Polad Bülbüloğlu (Polad Murtuza oğlu Məmmədov) haqqında hazırladığım bu məqalə tarixi bir günə təsadüf edir. Sentyabrın 1-də yəni bu gün Azərbaycan Milli Məclisinə növbədənkanar sekçilər keçirilir. Və Polad Bülbüloğlu da 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. bu həmin dairənin seçiciləri üçün önəmli bir şans olacaq...
Polad Murtuza oğlu Məmmədov (Polad Bülbüloğlu) 1945-ci il fevralında böyük müğənni, görkəmli mədəniyyət xadimi Murtuza Məmmədovun Bülbülün ailəsində dünyaya göz açıb.
Balaca Polad ilk dəfə səhnəyə çıxanda 12 yaşı olub. 12 yaşlı uşaq Opera Balet Teatrının səhnəsinə çıxaraq “Evləri var xana-xana” xalq mahnısını ifa edib. Polad Bülbüloğlu cəsarət və istedadına sığınaraq səhnəsinə çıxdığı Azərbaycan Opera və Balet Teatrının səhnəsində 1957-ci ildə “Koroğlu” operasının ilk tamaşası oynanılacaqdı. “Koroğlu” operasının premyerasına baxmaq üçün Azərbaycan Opera və Balet Teatrının zalına toplaşmış yüzlərlə tamaşaçı həmin gün gələcəyin böyük sənətkarının istedadına şahidlik etdilər. Həmin gündən etibarən Azərbaycan mədəniyyətinin sıralarına gələcəkdə dünyaca şöhrəti olacaq bir sənətkar daxil oldu.
16 yaşı olanda isə o, artıq Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlər Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinifində dərs almağa başladı. Bəstəkar kimi isə ilk mahnılarını (“Moskva haqqında”, “Sumqayıt haqqında”, “Birinci görüş”, “Sabahın xeyir”) yazanda artıq onun 17 yaşı vardı. Sonralar isə “Zəng et”, “Şən Azərbaycan”, “Bayatı”, “Dolalay”, “Toy”, “Bakı mənin şəhərim”, “Gəl ey səhər”, “Şeyx”, “Sən vcə mən” mahnıları dillər əzbərinə çevrildi.
Bəstəkarın simfoniya, simfonik poema, simli kvartet, “Monoloqlar”, “Qəhrəmanlıq” adlı musiqi əsərləri, estrada orkestri üçün süitalar və pyesləri dünyanın neçə-neçə nüfuzlu konsert salonlarında səsləndi. “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yazdığı “Eşq və ölüm” ikihissəli baleti bu janrda milli musiqimizin zirvəsində dayanmaq haqqı qazanmışdır...
Polad Bülbüloğlunun barəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “...Bizi Polad Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq əlaqələri birləşdirir. Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk...
Polad Bülbüloğlu ifaçı kimi nə qədər məşhurdursa, bəstəkar kimi bir o qədər populyardır. O həmçinin bir çox Azərbaycan filmlərinə musiqi yazmışdır. Onlardan “İstintaq davam edir”, “Oxuyur Müslüm Maqomayev”, “Babək”, “Mən mahnı bəsləyirəm”, “Qorxma, mən səninləyəm”, “Yol əhvalatı”, “Dolu” filmlərini göstərə bilərik.
Polad Bülbüloğlu ləyaqətli vətəndaş və qanıyla, canıyla elinə bağlı insandır. Ata yurdu olan Şuşanı heç zaman unutmadığını da söyləyə bilərik. Qarabağın erməni işğalında olduğu zamanlarda diplomatik yollardan istifadə etməklə bir neçə dəfə Şuşaya səfər etməyə müvəffəq olmuşdu.
75 illik yubileyi günü Qarabağa yaxın ərazidə xidmət edən əsgərlərimizlə görüşə getməsi onun vətənpərvərliyindən xəbər verir. Həmin görüşlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Polad Bülbüloğlu demişdir: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə Qarabağa yaxın bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək”.
Daha sonra o bildirmişdir ki, “ biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə “Heydər Əliyev” ordenini təqdim etdi. Ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək, işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “instaqram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”. Polad Bülbüloğlu dövlət tərəfindən həmişə diqqət mərkəzində saxlanılmış, yüksək adlarla, orden və medallarla təltif edilmişdir. Belə ki, o, 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, eyni zamanda Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti adı ilə təltif edilmişdir.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin- ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu ilin Adamı” elan edilmişdir. 2015-ci il fevralın 3-də isə “Şərəf” ordeni ilə təltif olunmuşdur.
18 may 2016-cı ildə məşhur heykəltaraş və rəssam Zurab Seretellinin “Mənim müasirlərim” adlı hekayələr silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olmuşdur. 2017-ci ildə “Rus ifaçılıq sənəti” İctimai Fondunun 25 illiyi medalına layiq görülmüşdür. 2019-cu ilin iyul ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 2020-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir...
Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri, 1988-2006-cı illərdə isə Azərbaycanın Mədəniyyət naziri vəzifələrində çalışmışdır. Bu illər ərzində “TÜRKSOY”un baş direktoru olmuşdur. 2006-cı ildən Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyir. Bizim tanışlığımız isə 1989-cu ilə təsadüf edir. Yaxşı xatırlayıram, 1990-cı ilin noyabrında o zamankı SSRİ prezidenti Mixail Qorbaçovun da iştirak etdiyi tədbirdə Qarabağla və erməni separatçılarının azərbaycanlıları qətlə yetirməsi ilə bağlı sərt çıxışı hamı tərəfindən rəğbətlə qarşılanmışdı. Polad müəllim həmçinin prezident İlham Əliyev tərəfindən ən yüksək mükafatla “İstiqlal” ordeni ilə də təltif olunub.
Bir daha təkrar edirəm İnanırıq ki, o, parlament seçkilərində uğur qazanaraq, millət vəkili kimi də seçicilərinə ləyaqətlə xidmət edəcəkdir. .Keçirilən rəy sorğuları onu deməyə əsas verir ki, artıq Polad Bülbüloğlunu inamlı qələbəsi ilə təbrik edə bilərik. Qeyd edim ki, biz mədəniyyət və incəsənət adamları rəssamlar Polad müəllimin Milli Məclisdə millət vəkili kimi təmsilçiyini səbirsizliklə gözləyirik.Heç şübhəsiz ki, onun qəlişi Heydər Əliyev Fondu ilə birlikdə bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına yeni nəfəs verəcəkdir.
Elçin Orucov
Rəssam, “Əməkdar mədəniyyət işçisi”