Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ermənistan mətbuatı bir çox sabiq məmurun, hökumət rəsmisinin həbs olunacağını yazır    

Ermənistanda 2008-ci ilin martında seçki saxtakarlığına etiraz edən dinc vətəndaşlara qarşı ordunun gücündən istifadə olunması faktı üzrə cinayət işi qaldırılıb. Bununla bağlı göstərişi işğalçı ölkənin baş naziri verib. Siyasi ekspertlər hesab edirlər ki, Nikol Paşinyan bu yolla Köçəryan-Sarkisyan cütlüyündən qisas almağa çalışır. Çünki, Ermənistanın indiki baş naziri 2008-ci il fevralın 20-də başlayan meydan hərəkatının liderlərindən biri idi. 1 mart gecəsi meydan zorakılıqla dağıdıldıqdan sonra Paşinyan uzun müddət gizlənir. Bir il 4 ay ərzində polis onu tapa bilmir. Sonda isə Nikol Paşinyan özü üzə çıxır və təslim olur.  Məhkəmə onu Sarkisyan hökumətinə müxalif olduğu üçün 7 il azadlıqdan məhrum edir. Lakin, qısa müddət sonra Paşinyan amnistiyaya düşür və azadlığa buraxılır. Politoloqlar vurğulayırlar ki, yaxın keçmişi  aydınlaşdırmağa çalışmaqla, baş nazir  bir neçə məqsəd güdür. Birincisi, son 20 ildə baş verən dövləti cinayətləri cəzasız qoymamaq, ikincisi, Qarabağ klanını parçalayaraq onların revanş imkanlarını və şanslarını yox etmək. Artıq Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Xüsusi İstintaq Xidmətində 2008-ci ilin mart hadisələri barədə cinayət işi üzrə dindirilməyə çağırılıb. İş çərçivəsində keçmiş müdafiə naziri Seyran Ohanyan da dindirilib. O da, mart qırğınlarında şübhəli bilinən əsas simalar sırasındadır. Ohanyan həmin dövrdə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini tuturdu. 10 il əvvəl müdafiə naziri vəzifəsini tutmuş general-polkovnik Mikael Arutyunyan haqqında isə həbs qərarı verilib. Aydındır ki, Arutyunyan özbaşına hərəkət edə bilməzdi, cinayət işinin materiallarında qeyd olunur ki, o, ali baş komandanın, yəni Robert Köçəryanın, tapşırığı əsasında müvafiq əmrlər imzalayıb. Bu səbəblə, Köçəryan da istintaqa cəlb olunub. 10 il əvvəl baş verən etirazların qan içində boğulması fonunda hakimiyyətə gələn  Serj Sarkisyanın da ifadəsi alınacaq. Erməni offşorları üzərini də “qara” buludlar alıb. Hüquq mühafizəçiləri ABŞ Federal Təhlükəsizlik Bürosu ilə sıx əməkdaşlığa başlayıblar. Yerli qəzetlərin yazdıqlarına görə, bu araşdırmaların sonu qalmaqallı ifşalar deməkdir. “Jamanak” qəzetinin məlumatına görə ən yaxın zamanda offşor zonalarda oğurlanan vəsaitlərin yuyulması ilə bağlı qalmaqallı ifşalar, eləcə də erməni elitasının həbsləri gözlənilir. Serj Sarkisyanın qardaşı 65 yaşlı Aleksandr Sarkisyanın evində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar keçiriliblər. Məlumata görə, onun evindən bükülmüş əşya - çox güman ki, tüfəng, həmçinin şəkillər aparılıb. Onun mənzilinə qalxan lift də hər kəsin diqqətini cəlb edib. Qapıları qızılı rəngdə olan lift Aleksandr Sarksiyanın oğlu Narek Sarkisyanın adına xüsusi olaraq hazırlanıb. Axtarışlardan sonra Aleksandr Sarkisyan dövlət nişanlı avtomobilə əyləşərək evindən uzaqlaşıb. O, jurnalistlərin suallarını cavablandırmaqdan da imtina edib. Ermənistan Milli Təhlükəsizlik Xidməti ümumerməni xeyriyyə fondu “Hayastan”ın direktoru Ara Vardanyanı isə artıq həbs edib. O, fondun vəsaitlərini mənimsəməkdə və səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Vardanyan faktlar qarşısında qalaraq etiraf edib ki, fondun vəsaitlərini şəxsi məqsədləri üçün xərcləyib. Təkcə son bir həftə ərzində Vardanyan fondun kredit kartından istifadə edərək online-kazinonun hesabına 29 min dollar köçürüb. 2016-2018-ci illərdə isə bu məqsədlə 270 min dollar xərcləyib. “Hayastan” fondu 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan tərəfindən yaradılıb. Fond dünya ermənilərini birləşdirən və onlardan Ermənistan, işğal altındakı Qarabağ üçün yardımlar toplayan vahid platforma kimi nəzərdə tutulub. Hər il “Hayastan” fondu dünya erməniləri arasında telemarafon keçirir və yardımlar toplayır. Fondun hamilər şurasına Ermənistan prezidenti rəhbərlik edir. 2012-2017-ci illərdə fond 90 milyon dollardan çox yardım dilənib. İndi isə məlum olur ki, bu vəsait şəxsi məqsədlər üçün istifadə olunub. Nikol Paşinyan prezident Armen Sarkisyanı da yolundan götürməyə çalışır. Ermənistan mətbuatı yazır ki, Paşinyan prezident postunu Serj Sarkisyan tərəfindən təklif edilən şəxsin tutması fikri ilə barışa bilmir. Onların arasında münasibət o qədər də yaxşı deyil. Parlament seçkisindən sonra Armen Sarkisyanın istefa verməsi üçün intensiv danışıqlar aparılır. Yeni prezident isə yeni parlament tərəfindən seçilə bilər. Təbii ki, Nikol Paşinyanın təklifi ilə baş nazirin özü artıq dəfələrlə postunda konsitutsiyada nəzərdə tutulduğu kimi, 7 il qalmaq niyyətinin olmadığını deyib. Yerli müşahidəçilər isə deyirlər ki, Paşinyan tarixə düşmək və ölkənin növbəti prezidenti olmaq istəyə bilər. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə