Ermənistanda idmançılar hökümətin onlara laqeyd münasibətindən gileylənirlər

Ermənistanın iri şəhərlərindən olan Gümrünün olimpiya mərkəzinin heyəti ölkənin idman nazirliyindən narazılıq edir. İdmançılar deyirlər ki, çalışdıqları kompleks qəza vəziyyətindədir. Ona görə də valideynlər bir müddət sonra uşaqlarını bura göndərməkdən imtina edirlər. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət olunsa da problem həllini tapmır. Onlara idman nazirliyinin büdcəsində əsaslı təmir üçün vəsaitin çatışmadığı cavabı verilir. Nazirliyin gənclərlə iş şöbəsinin müdiri Qraçya Rostoçyan jurnalistlərə Olimpiya kompleksinin yaxşı vəziyyətdə olduğunu deyib. Bu açıqlama da kollektivi qəzəbləndirib. Mərkəzdən bildirilir ki, iki il əvvəl buranın yenidən qurulması üçün xaricdən 2 milyon dram vəsait göndərilib. O pullar isə mənimsənilib. Ermənistanda müxtəlif idman növləri üzrə baş məşqçilər də hökümətin ölkə idmanına laqeyd münasibətindən gileylənirlər. İdmançılar bu cür şərtlər altında çalışa bilmədiklərini deyirlər. Qeyd edilir ki, bütün idman kompleksləri sovet dövründən qalmadır. Əksəriyyəti istismara yararsız olduğu üçün bağlanıb.