Florentino Peres: “Ronaldu axmaq və xəstədir”
“Real”ın (Madrid) prezidenti Florentino Peresin gizli səs yazısını yayılıb.
Səs yazısını İspaniyanın “El Confidencial” nəşri yayıb.
F.Peresin K.Ronaldu barədə istifadə etdiyi kobud ifadələr 2012-ci ilə təsadüf edir.
“Ronaldo dəlidir. Bu oğlan axmaq və xəstədir. Siz onun normal olduğunu düşünürsüz. Amma o, anormaldır, əks halda bunları etməzdi. Son axmaqlığını bütün dünya gördü. Sizcə, niyə belə axmaq hərəkətlər edir?”, deyə “Real”ın prezidenti qeyd edib.
F.Peresin K.Ronaldu barədə dediyi sərt sözlər futbolçunun 2012-ci ilin sentyabrında verdiyi açıqlamasına işarə edir.
Belə ki, “Qranada” ilə oyundan sonra K.Ronaldu Madrid klubunda bədbəxt olduğu üçün qollarını qeyd etmədiyini vurğulamışdı və əlavə etmişdi ki, “Real” klubu onun bu davranışının səbəblərini bilir.
Klub prezidenti K.Ronaldunun agenti Jorje Mendeş və həmin vaxt “Real”ın sükanı arxasında olan Joze Mourinyonun futbolçuya nəzarət edə bilmədiyini söyləyib:
“Bunlar dəhşətli eqoları olan insanlardır, hər ikisi korlanıb. Gerçəyi görmürdülər, çünki fərqli davransalar, daha çox pul qazana bilərdilər. Onlar normal deyil, çünki imic hüquqlarında çoxlu pul var. Belə bir üzlə, bu qədər sərt davranışla heç kim onları bəyənmir. Bu, antireklamdı!”.