Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlamışdır

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlamışdır.

Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması Festivalın əsas məqsədləridir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları Final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə münsiflər heyəti (Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar  artisti Loğman Kərimov, Gəncə Dövlət Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Xalq artisti  Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru  Gülnarə Hacıyeva) regionlara ezam edilmişdir.

Seçim mərhələsi ilk olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində (Kürdəmir şəhəri) keçirilmişdir. Tədbirdə Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak etmişlər.

Seçim mərhələsinin ilk günündə Füzuli rayon Mədəniyyət Evinin Xalq Teatrı – “Çimnaz xanım yuxudadır”, Beyləqan rayon Gənclik Xalq Teatrı – “Apar məni yurduma”, Sabirabad rayon A.İsgəndərov adına Xalq Teatrı – “Qisas qiyamətə qalmaz”, Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı – “Oyun bitdi” və Yevlax şəhər Kukla Xalq Teatrı – “Tülkünün uçuşu” tamaşaları ilə çıxış etdilər.

Festivalın növbəti seçim mərhələsi Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində (Şəmkir şəhəri) keçirilmişdir. Tədbirdə Şəmkir və Ağstafa regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak etmişlər. Tovuz Xalq Teatrının təqdim etdiyi “Çimnaz xanım yuxudadır” və Şəmkir rayon Xalq Teatrının nümayiş etdirdiyi “Novruz Sərgüzəştləri” tamaşaları münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Məlumat üçün bildiririk ki, respublikanın paytaxt və bölgələrində 37 xalq teatrı fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində minlərlə insanı özündə birləşdirən xalq teatrlarının fəaliyyətinə nazirlik tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. Cari ilin may ayında II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri, iyun ayında isə Final mərhələsi keçiriləcəkdir.

Tədbirlər respublikanın müxtəlif mətbu orqanları tərəfindən işıqlandırılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlamışdır.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə