İrəvanın NATO üzvləri ilə təlimləri nəyə işarədir?
KTMT NATO-ya alternativ olaraq yaradılan hərbi blokdur. Ermənistan da KTMT-nin üzvü kimi sanki düşmən düşərgəsində Rusiyaya qarşı iş göstərərək, NATO-ya üzv ölkələrlə hərbi təlimlərə qatılır.
Bu sözləri Ermənistanın NATO-ya üzv olan ölkələrlə hərbi təlimlərini şərh edən hərbi mütəxəssis Ədalət Verdiyev deyib.
O bildirib ki, KTMT-nin üzvü olan 3 ölkə Azərbaycanı Vətən müharibəsində qələbə münasibətilə təbrik edib:
“Ermənistan hazırda regionda tək qalıb. Belə olan halda İrəvan özünü Rusiyaya və İrana bir az baha satmaq istəyir. Bu məqsədlə Rusiyaya “artıq NATO ilə münasibətlərdə istiliyə üstünlük verirəm” mesajını göndərir. Ermənistanın NATO ölkələri ilə hərbi təlimləri həm də İrana qarşı atılmış bir addımdır. Çünki İranla Ermənistanın sərhəddi var. NATO ilə Ermənistanın yaxın əlaqələri gələcəkdə İran ərazisində Qərbə aid müəyyən strukturların yaranmasını istisna etmir”.
Mütəxəssis qeyd edib ki, Rusiya bu təlimlərə ilkin mərhələdə reaksiya verməyə bilər. Amma əlbəttə ki, Kreml bunu diqqətdən də qoymur.
Qeyd edək ki, Ermənistan bir neçə gün öncə NATO üzvü Yunanıstanla hərbi təlimlər keçirib, ötən gün isə Litva ilə 2022-ci ildə 71 birgə hərbi fəaliyyəti özündə əks etdirən fəaliyyət planı imzalayıb.