Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonunadək başa çatacaq
01-03-2019 | 12:21

Ölkənin əsas turizm mərkəzlərindən olan Qəbələyə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi ilin sonuna nəzərdə tutulub. Layihə üzrə yeni dəmir yolu xəttinin tikintisi aparılır.
Azərbaycanda turizmin inkişafı ilə bağlı son illər həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilib. Turizm obyektlərinin sayı çoxalıb, xidmət səviyyəsi yüksəlib. Turistlərin sayında da artım müşahidə olunur. Ləki-Qəbələ dəmir yolunun salınması da gediş-gəlişi asanlaşdırmaqla yanaşı, bu bölgəyə turist səfərlərinin artmasına hesablanıb. Elə buna görə də Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni dəmir yolunda işlər sürətlə davam etdirilir.
Dəmir yolu xəttinin 20 kilometrlik hissəsi Qəbələ rayonunun dağlıq ərazisinə düşür. Tikinti işləri üçün Ağdaş ərazisində beton zavod, daş karxanası, qum və çınqıl doğrayan qurğu quraşdırılıb. Yolun çəkilməsinə 400-dən çox işçi, 280 texnika cəlb olunub. Ərazidə 4 kilometr dəmir yolu xətti artıq çəkilib, 2 yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son işlər görülür. Ləki-Qəbələ dəmiryol xəttinin inşası bölgədə həm turizmin, həm də iqtisadiyyatın inkişafına geniş imkanlar yaradacaq. Dəmir yolu xəttinin bu ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Ölkənin əsas turizm mərkəzlərindən olan Qəbələyə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi ilin sonuna nəzərdə tutulub. Layihə üzrə yeni dəmir yolu xəttinin tikintisi aparılır.