Mixail Şvıdkoy: “Polad dahi musiqiçi, dahi müğənnidir”
Rusiyanın Sankt-Peterburq şəhərində 10-cu Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu artıq işlərini yekunlaşdırıb.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova Sankt-Peterburq Beynəlxalq Forumunun yekunları ilə bağlı geniş çıxış edib və qeyd edib ki, “Birləşmiş Mədəniyyətlər” adlanan Forum müxtəlif ölkələrin nümayəndələrini cəlb edən mühüm hadisəyə çevrilib, bu tədbirə gələn insanları ənənəvi dəyərlərə əsaslanan inkişaf və əməkdaşlıq arzusu birləşdirir. Onun sözlərinə görə, Forum mədəniyyətlərarası mübadilə və qlobal mövzularla bağlı əsas məsələlərin müzakirəsi üçün platforma yaradır.
Sədr müavini çıxışını forum iştirakçılarına minnətdarlıq sözləri ilə yekunlaşdırıb. Məlumat üçün bildirək ki, Forumda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak və çıxış edib.
Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun genişləndirilməsini və müxtəlif ölkələrdən nümayəndələrin assosiasiyaya dəvət olunmasını təklif edib. “İllər ərzində görülən və inkişaf etdirilən işləri itirməməyi çox istərdim. Bu fondun funksiyalarına yenidən baxmaq, onu genişləndirmək, təkcə MDB deyil, digər ölkələri də daxil etmək olar, çünki indi dünya daha genişdir. Ona görə ki, o, bütün bu illər ərzində gördüyü yaxşı işləri davam etdirə bilsin”, – deyə Polad Bülbüloğlu bildirib. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Tatyana Qolikova təklifi dəstəkləyib və Polad Bülbüloğluna Azərbaycanın Rusiya Federasiyasındakı səfiri vəzifəsində səmərəli fəaliyyətinə görə də təşəkkür edib, ona uğurlar arzulayıb.
Daha sonra 10-cu Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində Ermitaj Mükafatının təqdimat mərasimi keçirilib. Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Azərbaycanın Moskvadakı səfiri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğluna Ermitaj Mükafatını şəxsən təqdim edib. Qeyd edim ki, Ermitaj muzeyinin Qış sarayının Georgi zalında baş tutan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.
Yuxarıda qeyd etdiyimiz kimi Təqdimat mərasimində çıxış edən Polad Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən gəldiyini xatırladıb. Xüsusilə vurğulayıb ki, Azərbaycan xalqı II Dünya müharibəsi illərində Sankt-Peterburqda, məhz Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyinin, həmçinin sonralar 850 illik yubileyinin qeyd olunduğunu heç zaman unutmur. Səfir vurğulayıb ki, bu gün mədəniyyət xalqları və ölkələri birləşdirən mühüm amildir.
Polad Bülbüloğlu onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, çıxışını “Qorxma, mən səninləyəm!” filmindən mahnı səsləndirməklə yekunlaşdırıb.
Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edib. “O, dahi musiqiçi, dahi müğənnidir. Sevindirici haldır ki, Polad doğma torpağı Şuşadan deputat seçilib. Bu torpaq onun atasına və özünə möhtəşəm səslər bəxş edib. Qoy, bu səslər uzun illər Azərbaycanın inkişafına xidmət etsin”, - deyə Mixail Şvıdkoy bildirib.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətini təkcə Rusiyada deyil, bütün dünyada tanıtmış böyük sənətkardır. Qubernator Polad Bülbüloğlunu təbrik edərək ona uğurlar arzulayıb.
Qeyd edək ki, Ermitaj Mükafatı Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi tərəfindən Dövlət Ermitaj muzeyi ilə birgə təsis edilib. Mükafat 2023-cü ildən hər il rusiyalı və əcnəbi mədəniyyət və incəsənət xadimlərinə təqdim olunur. Biz mədəniyyət və incəsənət xadimləri, rəssamlar da öz növbəsində Polad müəllimi layiq görüldüyü Ermitaj Mükafatı münasibətilə təbrik edirik, ona parlamentdəki işlərində uğurlar arzulayrıq.
Elçin Orucov,
Rəssam, Əməkdar mədəniyyət işçisi