Odessa sakini şəhərdəki vəziyyətdən danışdı: “Dayanmadan hönkürtü ilə ağlamaq istəyirəm...”
Rusiya Federasiyasının Silahlı Qüvvələri hələ Odessaya toxunmayıb, lakin buna çox səy göstərirlər. Bu gün səhər saat 05:00 radələrində qonşu Nikolayevdə yaşayış binalarına raket atılıb. Bir daha baxıram və anlayıram ki, raketlərdən praktiki olaraq qaçış yoxdur.
Bu barədə Odessa sakini Yelizaveta Qavrilova danışıb.
Onun sözlərinə görə, əhval-ruhiyyə və emosiyalar o qədər yüksəlir ki, toparlanmaq mümkün deyil.
“Beynimdə “həyatımızı xilas etməliyik, yığışıb getməyin vaxtıdır”dan tutmuş “niyə evimi tərk etməliyəm ki, mən də onu qoruyacağam”a qədər bir çox fikirlər var. “Hər şeyə gülməyə çalışıram” əhvalından tutmuş, “dayanmadan hönkürtü ilə ağlamaq istəyirəm”ə qədər. Sadəcə artıq keçmiş həyatın heç vaxt olmayacağını dərk etdim. Dostlarımı və qohumlarımı nə vaxt görəcəyimi (və ümumiyyətlə görəcəyəmmi) bilmirəm. Daxilimdə indi qorxunc bir tənhalıq hissi yaranır. Bütün dostlar, bəzi yaxınlarım xaricə getdilər. Buna görə də burada belə tənhayam. Yeri gəlmişkən, onlar da tənha hiss edirlər, bunu ünsiyyətdə olanda başa düşürsən. Bir anda nəhəng bir ölkənin həyatı tərsinə döndü”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, cəmi bir neçə gün əvvəl o, iki qohum arasında söhbəti eşidib.
“Onlardan biri burada mənim yanımda Odessada, digəri Moskvada idi. Odessadan olan reallıqda burada nə olduğundan danışır, biz isə cavabında eşidirik: “yox, yox, yox. Bizə burada dedilər ki, dinc sakinləri bombalamırlar. Əgər hətta Odessada nasistlər yoxdursa belə, Ukraynanın digər hissələrində var. Ümumiyyətlə, bilirsiniz, mən siyasətdə deyiləm. Mənim siyasətə heç bir aidliyim yoxdur. Siz orada sakitləşin. Mən yayda maşınla sizə gələcəm”.
Bunu eşitmək o qədər dəhşətlidir ki... Birdən-birə rusiyalıların çoxu siyasətdən kənar oldular. Bütün Ukrayna isə birdən-birə siyasətdə oldu. Bizim də hərbi dövrdə “mən siyasətdə deyiləm” demək imkanımız yoxdur. Bizim sadəcə variantımız yoxdur”, - deyə o qeyd edib.
Y.Qavrilova qeyd edib ki, təkcə bu gün ərzində artıq ikinci dəfə hava hücumu barədə həyəcan siqnalı səslənib.
“Siqnala reaksiya artıq əvvəlki kimi kəskin deyil. İlk günlərdə daxildə hər şey sıxılırdı, bədən isə qorxudan titrəyirdi. İndi isə biz sadəcə yığışırıq və sakitcə, ancaq sürətlə parkinqə (sığınacaq kimi istifadə olunur) enirik”.