Özbəkistanlı ekspert: Azərbaycan Mərkəzi Asiyada strateji əməkdaşlığı yeni
Azərbaycanın və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına qoşulması regiondaxili əməkdaşlıq baxımından strateji əhəmiyyətə malikdir və bu addım bir neçə istiqamət üzrə diqqətəlayiq nəticələr vəd edir.
Bunu AZƏRTAC-a açıqlamasında özbəkistanlı siyasi ekspert İslomxon Qafarov deyib.
Ekspertin sözlərinə görə, birinci növbədə, son 7-8 il ərzində Məşvərət Görüşünün nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. “Mərkəzi Asiya ölkələri hazırda qarşılıqlı münasibətləri dialoq yolu ilə həll etməyə və aralarındakı bütün məsələləri konstruktiv şəkildə tənzimləməyə çalışırlar. Bu ilin martında Qırğızıstan və Tacikistan arasında mövcud problemlərin aradan qaldırılması, eləcə də oktyabrda keçirilmiş Fərqanə Sülh Forumu bunun bariz nümunəsidir. Su ehtiyatlarından istifadə, sərhədlərin müəyyənləşdirilməsi kimi həssas məsələlər üzrə də tərəflər arasında dialoq mədəniyyəti güclənib”, - deyə Qafarov vurğulayıb.
İslomxon Qafarov qeyd edib ki, Azərbaycanın bu formata dəvət edilməsinin mühüm motivlərindən biri Mərkəzi Asiya ölkələrinin qlobal nəqliyyat və tranzit marşrutlarında artan roludur. Onun fikrincə, region getdikcə Şimal-Cənub, Çabahar limanı xətti, Trans-Əfqanıstan dəhlizi, Mərkəzi və Cənubi Asiyanı birləşdirən digər strateji layihələrdə daha fəal iştirak edir.
“Bu kontekstdə Trans-Xəzər Nəqliyyat Dəhlizi - Orta Dəhliz və Zəngəzur dəhlizi (TRIPP) xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Avropa İttifaqı, ABŞ, Çin və digər tərəfdaşların diqqət mərkəzində olan bu marşrutda Azərbaycan əsas bağlayıcı halqa kimi çıxış edir. Məhz bu səbəbdən Mərkəzi Asiya ölkələri Bakı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdırlar. Azərbaycan da öz növbəsində region ölkələrini bu böyük layihələrə daha fəal şəkildə cəlb etməyə çalışır”, - deyə ekspert bildirib.
Onun vurğuladığı üçüncü aspekt mədəni-sivilizasiya xarakterli amillərlə bağlıdır. “Azərbaycan coğrafi olaraq Cənubi Qafqazda yerləşsə də, tarixi və mədəni mənsubiyyət baxımından Mərkəzi Asiya məkanına daha yaxındır. Türk kimliyi və ortaq tarixi köklər Azərbaycanı region ölkələri ilə sıx bağlayan əsas amillərdəndir. Müasir beynəlxalq münasibətlər sistemində sivilizasiya amili getdikcə daha böyük rol oynayır və bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı təbii prosesdir”, - deyə İslomxon Qafarov qeyd edib.
O bildirib ki, Mərkəzi Asiya ölkələri Azərbaycanı dost və qardaş ölkə kimi qəbul edir, Bakının formata qoşulması isə qarşılıqlı etimadın və ortaq maraqların təzahürüdür.