Rövşən Əkbərova hökm oxundu, 40 min manat cərimə edildi
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberinmerkezi az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan mərhum edilib.
Həmçinin Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Rövşən Əkbərovdan 40 min 10 manat məbləğində pul tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.
Məhkəmə Rövşən Əkbərovun hərbi rütbəsi, fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb kimi işdə hərbi rütbənin alınması ilə bağlı təqdimatın olmadığı göstərilib.
Qeyd edək ki, prokuror Eldar Həmzəyev Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçməsi olub.
Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinməsini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin vəkili Elçin Sadıqov çıxışı zamanı prokurorun istədiyi cəza ilə razı olmayıb. O, Rövşən Əkbərova prokurorun istədiyi cəzanın az olduğunu deyib, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib.