Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü həyat yoldaşı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
11:20
Şəmkirdə kişi arvadını və azyaşlı övladını qətlə yetirib. DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Həsənov Elməddin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.