VI Muğam Televiziya müsabiqəsi davam edir
23-05-2017 | 10:29

VI Muğam Televiziya müsabiqəsi davam edir. On birinci həftəsini yaşayan layihə çərçivəsində təşkil olunan növbəti axaşamda iddiaçılar Əliağa Vahidin qəzəllərini məharətlə ifa ediblər.
Özünü Füzuli yadigarı sayan Əliağa Vahidin yaradıcılığı Şərq poeziyasının ənənələrindən bəhrələnsə də, o, ana dilimizin gözəlliklərini, milli təfəkkür tərzini qəzəl janrında yaşadıb. Sevilən xanəndələrimizin dilindən heç zaman düşməyən, bu gün də muğam ifaçılarının repertuarını bəzəyən bu qəzəlləri Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan VI Muğam Televiziya müsabiqəsinin iddiaçıları da böyük sevgi ilə ifa etdilər.
İfaçılıq sənətində öz nəfəsi və avazı ilə fərqlənən səs sahiblərindən biri də “Şöhrət” ordenli Qədir Rüstəmovdur. Akademik ifadan uzaq olan, sərbəst oxu tərzinə meyl göstərən xanəndə, yüksək səs diapazonu ilə dinləyicilərin rəğbətini qazanıb. Elə muğam axşamında da xalq artistinin Azərbaycan Televiziyasının Qızıl fondunda saxlanılan lent yazısı dinləyiciləri ötən illərə qaytardı.
Sərhəd bilməyən qədim muğam sənətinin pərəstişkarları həftənin bazar ertəsi və cümə axşamı Beynəlxalq Muğam Mərkəzinə gələrək bu musiqnin sehrinə dalırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan muğamsevərlərin də canlı olaraq izlədiyi layihə nəinki, muğamımıza olan marağı artırır, həmçinin yeni istedadların üzə çıxarılması işinə xidmət edir.
Beləliklə, doqquz gənc xanəndənin iştirakı ilə davam edən VI Muğam Televiziya müsabiqəsinin bu həftəyə olan ilk dinləmələri fərqli ifalarla layihənin taixinə düşdü.
VI Muğam Televiziya müsabiqəsi davam edir. On birinci həftəsini yaşayan layihə çərçivəsində təşkil olunan növbəti axaşamda iddiaçılar Əliağa Vahidin qəzəllərini məharətlə ifa ediblər.