Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Vətən həsrətinə son                                                                                                                                                       Emelya Hacıyeva-85

Beş il bundan əvvəl Emelya xanım Hacıyevanın 80 illik yubileyi münasibətilə “Könüllərdə yaşayan insan” kitabını hazırlamışdıq. O zaman kitabın ön sözündə yazıçı-jurnalist  Şahin Aydəmir yazmışdı ki, “Bu gün heç zaman rast gəlmədiyim Emelya xanım Hacıyevanın həyatı və pedaqoji fəaliyyəti ilə yaxından tanış olduqdan sonra, bir vaxtlar ağ damları ilə erməni bağrına vəlvələ salmış Ağdamı daha çox sevdim və bu torpağın bərəkətinə heyran qalmaya bilməzdim”.

Torpaq tək bitki, ağac yetişdirmir, həm də dəyərli, ləyaqətli insan yetişdirir. Bu mənada Ağdam torpağının yetişdirdiyi çox qiymətli insanları göz önündən keçirsək, görərik ki, onların sırasında 85 yaşlı Emelya Hacıyevanın özünəməxsus yeri vardır.

1940-cı ilin 25 avqustunda Ağdamda dünyaya gəlmiş Emelya xanım malıbəylili Həsən Axundovun təlim-tərbiyəsi altında böyümüş, yetkinləşmişdir. “Ot kökü üstdə bitər” məsəli əbəs yerə yaranmayıb. Həsən Axundov Molla İmranın nəvəsi, Abbas kişinin ocağında doğulub, boya-başa çatıb. Abbas kişi zəmanəsinin savadlı, bilikli insanlarından olub. O, “Qurani-Kərim”i və təbiət elmlərini dərindən bilirmiş. Həm də xeyriyyəçi kimi də, insanların sevimlisinə çevrilmişdir. Yəni Emelya xanımın kökü Molla İmrana, Abbas kişiyə bağlandığı üçün yüksək səviyyəli pedaqoq kimi yetişmişdir...



Emelya Hacıyeva nəhəng müəllimlər ordusuna malik olan Ağdam rayonunda sayılıb-seçilən müəllimlərdən biri olmuşdur. O, xatirələrində yazır ki, “ müəllim böyük simadır, gərək bu peşəni ürəkdən sevəsən. Müəllim təlim və tərbiyə yolu ilə insanları kamala doğru aparır və tərəqqi etdirir. Eşq və imanı insanların qəlbinə həkk etdirir. Mən bu yolun yolçusu olduğum üçün fəxr edirəm”.

Emelya xanımın pedaqoji və təşkilati fəaliyyəti daha çox 32 saylı Ağdam köçkün məktəbi ilə bağlı olmuşdur. 1993-cü ilin dekabrında yaradılmış 32 saylı Ağdam köçkün məktəbinin sütunları altına çiyinlərini verən Emeliya xanım uzun müddət bu təhsil ocağına rəhbərlik etdi. Qaçqınlıq həyatı yaşamaq məcburiyyətində qalmış ağdamlı şagirdlərin təhsildən yayınmamaları üçün əlindən gələndən artığını etdi. Bizim bu fikrimizi bu gün tərəddüd etmədən bir vaxtlar 32 saylı Ağdam köçkün orta məktəbinin məzunu olmuş şəxslər təsdiq edərlər.




Emelya xanımı yaxından tanıyan insanlardan bəzilərinin fikirləri oxucular üçün maraqlı olacağını düşünüb bu yerdə təqdim etməyi özümüzə borc bilirik:

-Leyla Əliyeva: “Emelya xanım müəllim adının haqqını artıqlaması ilə ödəmiş bir müəllimə idi. O, dünyaya sanki bu peşə üçün gəlmişdi; elm yoluna məşəl yandırmaq, qaranlıq otaqları nura qərq etmək idi onun missiyası”.

-Təranə Cəfərova: “Emelya müəllimənin şagirdləri ilə apardığı söhbətlərdə dəfələrlə mən də iştirak etmişəm. O, şagirdlərə elm, savad verməklə bərabər, əsl insan olmağın yollarını da göstərirdi. Kamilləşmək üçün nə etmək lazımdır, bunun sirlərini açıb danışırdı. Eyni zamanda onları düşəcəkləri mühitin mənfi təsirlərindən qorumağa da çalışırdı. O, şagirdlərə qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs missiyası hesab edirdi”.

Bu il Emelya Hacıyevanın 85 yaşı tamam oldu. Avqustun 25-də ailə üzvləri, yaxın qohumlar, sevimli şagirdlərindən bir qismi onun 85 illik yubileyini qeyd etmək üçün bir araya gəldilər. Hətta həmin gün onun Ağdam şəhər 2 saylı orta məktəbində rəhbəri olduğu Xa sinfinin məzunları da həmin gün Emelya müəlliməni tək qoymadılar. Onun sevimli şagirdlərindən olan Gülçöhrə həkim yubiley gecəsi müəlliməsini bağrına basaraq, 90 illik yubileyini yenidən qurulmuş Ağdam şəhərində keçirilməsini arzuladığını bildirdi...

Biz də Gülçöhrə həkimin arzusuna qoşulur və Emelya Hacıyevaya indən sonrakı həyatında sağlamlıq arzulayırıq.

Şamil Şamilov

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR