Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib
Sahil qəsəbəsindəki yanğında xəsarət alan şəxslərdən biri, təxminən 30-35 yaşlarında qadın xəstəxanaya yerləşdirilib.
Xeberinmerkezi.az xəbər verir ki, zərərçəkən yüngül tüstüdən zəhərlənmə şikayəti ilə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Əldə etdiyimiz məlumata görə, qadının vəziyyəti normaldı.
Müayinələrdən sonra evə buraxılacaq.
Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.
Xeberinmerkezi.az-ın məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb.
Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.
Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.